Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib

16 yanvar 2019 | 11:00
     Yanvarın 16-da Pirallahı Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov, Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, RİH əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etdilər.
       Tədbiri açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov cəmiyyətdə ailə dəyərlərinin qorunması, gənclərin gələcək ailə həyatına hazırlanması, valideyn-övlad münasibətlərinin tənzimlənməsi istiqamətində maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Vəzir Səfixanov qeyd edib ki, Azərbaycan ailəsi, ilk növbədə, milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız dünyaya gəldikləri gündən milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalı və bu ənənələr gələcək nəsillərə ötürülməlidir. Eyni zamanda, təhsil ocaqlarında da gənclərimizin xalqımızın mənəvi dəyərləri əsasında tərbiyə edilməsi məsələsi mühüm yer tutmalıdır. Vəzir Səfixanov çıxışında “Ailə Akademiyası” layihəsinin ailə dəyərlərinin qorunması və möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb.
     Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd edib. “Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması, gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artırılması olduğunu söyləyib. A.Sofiyeva layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.
      Layihənin slaydlar üzərində təqdimatından sonra çıxış edən Pirallahı bələdiyyəsinin sədri Əliyulla Əliyev, Pirallahı qəsəbə məscidi dini icmasının sədri Elçin Baxşıyev, Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov  “Ailə dəyərlərinin müqəddəsliyi”, “Ailə münaqişələri və həlli yolları”, “Ailə dəyərləri və müasir gənclik”, “Ailə dəyərləri və prinsipləri” və bu kimi digər mövzular əsasında milli-mənəvi dəyərlərimizin qorunmasında ailənin rolundan danışıblar. Natiqlər layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından, onlara verilən dəyərdən, boşanmalar və səbəblərindən, məişət zorakılıqlarından, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs ediblər.
     Tədbirdə ailə münasibətlərinin formalaşması, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu, gənc qızlarda liderlik keyfiyyətlərinin formalaşması, yaşlı nəsil ilə gənc nəslin dialoqu, gənclərin, xüsusilə gənc qızların hüququ və vəzifələri kimi mövzular müzakirə olunub.
 
Keçidlər