Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Xocalı faciəsinə həsr edilmiş rəsm sərgisi keçirildi

24 fevral 2020 | 11:00
     Fevralın 24-də Xocalı soyqırımının 28-ci ildönümünü ilə əlaqədar 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin  rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.  “Xocalıya ədalət” başlığı altında təşkil olunan tədbirdə Pirallahı RIH başçısı Vasif İmanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev, rayon ictimaiyyətinin nümayəndələri, orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər.
    Tədbirdə ilk öncə Xocalıda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Sonra tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaq məqsədilə keçirildiyini söyləyib. İdarə müdiri gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazır olduğunu və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə əminliyini bildirib. R.Tağıyev şagirdlərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə edib.
       Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov ötən iki əsrdə erməni millətçiləri tərəfindən xalqımızın dəfələrlə soyqırımına məruz qaldığı diqqətə çatdırdı. Vurğulandı ki, 27 il əvvəl 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri mühasirəyə aldıqları Xocalı şəhərində 613 nəfər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qocanı öldürüb, 487 dinc sakini ağır yaralayıb, 1275 nəfəri girov götürüblər. Yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib. Bu gün Xocalı faciəsinin dünyada tanıdılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilib və Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilib. Xocalı faciəsi Pakistan, Sudan, Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya və sair kimi dövlətlər və ABŞ-ın 21 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən tanınıb. Dünyanın hər yerində Xocalı soyqırımının tanınması ilə əlaqədar işlər davam edir.
      Sonra sərgiyə baxış keçirilib. Sərgidə 200 rəsm əsəri nümayiş olunub. Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atması təsvir olunub.
 
 
 
 
 
Keçidlər