Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın beynəlxalq arenada növbəti uğuru

14 may 2020 | 11:00

Bu gün dünyada COVİD-19 epidemiyasının yayılmasının yaratdığı narahatlıqla əlaqədar bir çox beynəlxalq tədbirlər təxirə salınır, koronavirus təhlükəsi ucbatından bir çox ölkə lideri əhali ilə təmaslarını belə dondurublar. Koronavirus pandemiyası çoxsaylı insan ölümlərinə səbəb olmaqla yanaşı, dünya ölkələrini bir sıra iqtisadi, maliyyə, səhiyyə və sosial problemlərlə də baş-başa qoyub. Dünyanın aparıcı ölkələri belə hazırda pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtarır. Lakin sevindirici haldır ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır.
Mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Beləliklə, çox qısa bir vaxt ərzində Azərbaycan dövlət başçısı Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşündən sonra ikinci dəfə dünya liderlərini bir araya toplamağa müvəffəq oldu.  Ötən ilin payızından Qoşulmama Hərəkatına sədrlik edən ölkəmiz üçün Qoşulmama Hərəkatı milli və dövlət maraqlarımızın həyata keçirilməsi üçün müstəsna əhəmiyyətli kürsülərdən biridir.
Zirvə görüşünə BMT Baş Assambleyası sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun, Afrika İttifaqı Komissiyası sədrinin qatılması, BMT baş katibi cənab Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti cənab Cozef Borrellin videomüraciət ünvanlaması, habelə Zirvə görüşünü təşkil etdiyi və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, dövlət başçımıza çoxsaylı təşəkkürlərin bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun əyani göstəriciləridir. Təsadüfi deyil ki, BMT Baş katibi videomüraciəti zamanı koronavirus pandemiyasına qarşı yeganə cavabın cəsarətli, uzaqgörən və birgə rəhbərlik olduğunu bildirib. Eyni zamanda, o, Azərbaycan Prezidentinə belə bir görüşü çağırmasına görə təşəkkür edərək, BMT-nin Prezidentimizin səylərini dəstəklədiyini xüsusi vurğulayıb.
Zirvə görüşündə açılış nitqi ilə çıxış edən İ.Əliyev deyib:
- “Covid-19” qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə bu virusa qalib gələ bilərik. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən II Zirvə Görüşüdür. Bundan əvvəl – aprelin 10-da ölkəmizin təşəbbüsü və sədrliyilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirildi. Videokonfrans yoluyla təşkil edilən görüşdə Azərbaycanda korona virusunun yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən çevik və zəruri qabaqlayıcı tədbirlər barədə məlumat verdik, pandemiya dövründə bizim üçün prioritet məsələnin insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi olduğunu göstərdik. Ölkədə həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alındı. Son üç həftə ərzində Azərbaycanda xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasında müsbət dinamika yaranıb”.
İnfeksiyaya yoluxma faktı qeydə alınan ilk gündən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq şəraitində əhalinin sağlamlığının qorunması və pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atıb.  Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus çıxışında Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək dəyərləndirib. O, Azərbaycan hökumətinə və xalqına ÜST-ə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə təşəkkür edib, həmçinin təşkilata əlavə olaraq 5 milyon dollar həcmində yardım göstərdiyi üçün prezident İlham Əliyevə minnətdarlığını bildirib. Baş direktor pandemiya ilə mübarizədə qlobal həmrəyliyin və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq deyib ki, səylərimizi bütün cəmiyyət səviyyəsində müxtəlif sahələri əhatə edən, çoxtərəfli fəaliyyətə əsaslanan uzunmüddətli hazırlığa yönəltməliyik. Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat da Zirvə görüşünün təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edərək bildirib: “Pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının oynadığı rol danılmaz və əhəmiyyətlidir. BMT ilə olan işgüzar münasibətlərimiz bizdən onu tələb edir ki, biz əl-ələ verib birgə addımlayaq. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizəyə gəldikdə, istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən dövlətlərik”. Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciətində bunları qeyd edib: “Covid-19” dünyanın müxtəlif guşələrinin biri-birinə nə dərəcədə bağlı olduğunu göstərdi. Bu, oyanış üçün qlobal bir çağırış oldu”.
Beynəlxalq aləmdə baş verən proseslərin məntiqi elədir ki, məhz indiki vaxtda, dünyanın çoxqütblü olduğu, geosiyasi xəritədə yenidən qarşıdurma vəziyyətində olan bloklar və koalisiyalar yarandığı şəraitdə soyuq müharibə başa çatandan sonra bir qədər zəifləmiş Qoşulmama Hərəkatının rolu yenidən Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu sayəsində artmaqdadır. Bu gün dünyada formalaşmış dünya nizamı yenidən pozulur, yeni güc mərkəzləri yaranır, dövlətlər arasında münasibətlərin xüsusiyyətləri dəyişir, köhnə ziddiyyətlər dərinləşir, ənənəvi tərəfdaşlar barrikadanın müxtəlif tərəflərində qalır, çoxillik rəqiblər isə geosiyasi və iqtisadi maraqların üst-üstə düşməsi zəminində ortaq dil tapırlar. Yeni lokal münaqişə ocaqlarının genişmiqyaslı müharibələrə çevrilməsi təhlükəsi yaranır, demokratiya bayrağı altında bir sıra ölkələrin dövlətçiliyi sarsıdılır. Bu şəraitdə Qoşulmama Hərəkatı dünya arxitekturasında tarazlaşdırıcı və çəkindirici amil kimi öz yerini tapmalıdır. Məhz bu missiyanı coğrafi cəhətdən kiçik, lakin dünya siyasətində kifayət qədər güclü mövqeyi olan Azərbaycan yerinə yetirməkdədir.
Azərbaycan nəinki milli səviyyədə COVID-19-a qarşı mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal səviyyədə də COVID-19-a qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir. Azərbaycan dövləti Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu.  Mayın 4-də baş tutan Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü də bunun bir hissəsi idi...


Rüfət Əhmədov – YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin sədri

Keçidlər