Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil!

13 iyul 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi geniş müsahibədə Covid-19-a qarşı uğurlu mübarizədən tutmuş iqtisadiyyatımızın ciddi əsaslar üzərində qurulmasına və Dağlıq Qarabağ münaqişəsinə qədər çox geniş spektri əhatə edən məsələləri bir daha ətraflı şərh etmiş və dünya ictimaiyyətinə dəqiq mesajlar vermişdir. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox dövlətin dəstəklədiyi halda əleyhinə səs verən yeganə ölkənin Ermənistan olduğunu vurğulayan cənab Prezident düşmən ölkə rəhbərliyinin xəstə məntiqini də çox sadə şəkildə izah etdi - dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.
  Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edərək deyib ki, Azərbaycanın mövqeyi tarixi ədalətə və  beynəlxalq hüquqa əsaslanır. “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək,” – deyə ölkə başçısı bəyan edib. Hər bir kəs dəqiq anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır.
    Prezident çox mühüm bir məqama da toxunaraq deyir: “BMT-nin Nizamnaməsində  ölkələrin özünümüdafiə hüququ təsbit olunub. ATƏT Minsk Qrupu özünü  BMT-nin Nizamnaməsindən üstün hesab edir? Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır... Suriyadan və başqa yerlərdən erməniləri oraya gətirib, onları zorla saxlayır. ATƏT MQ həmsədrləri buna heç bir reaksiya vermirlər. Azərbaycan ATƏT MQ həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir”. Yəni nə Minsk Qrupu, nə də Ermənistan BMT-dən üstün deyil. Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apararaq şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır... Bu həyasızlığa nə qədər dözmək olar?!
Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Avropa təşkilatları isə bütün bunlara göz yumur. Bunun əsas səbəbi erməni lobbisi və onun maliyyə vəsaitidir, çirkli pullarıdır. Erməni lobbisinin Ermənistanı bütün təşkilatlarda müdafiə etdiyi bəlli bir faktdır. Prezident İlham Əliyev Ermənistanın demokratiya yalanını əslində tutarlı dəlillərlə ifşa etdi: “Doğrudan da necə ola bilər ki, Xocalı soyqırımını törədən, mütəmadi olaraq snayperləri ilə cəbhə xəttində dinc əhaliyə, qadınlara və uşaqlara atəş açan ölkə özünü ”demokratik" adlandıra bilər?" Həqiqətən də  Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozmaqda davam edirlər.
Ermənistanın əvvəlki liderləri də ölkəni “demokratik” adlandırırdılar, indiki də və bu mənada Qərbin insan haqları üzrə ixtisaslaşmış təşkilatlarının davranışı da ikrah doğurur. Hələ də Avropa Şurasının Ermənistanda siyasi məhbus üzrə məruzəçisi təyin edilməyib. Bilərəkdən vaxtın uzadılmasında məqsəd Nikol Paşinyanın müxalifətə qarşı siyasi motivli təqiblərində onu dəstəkləməkdir. Əcaib faktdır - Venesiya Komissiyası, Avropa Şurası nədənsə Ermənistanda baş verən ən son hadisələrə reaksiya vermirlər, sanki lal, kar və kor olublar.
Nüfuzlu gündəlik ingilisdilli “Arab News” qəzeti yazır ki, ABŞ-dakı ermənipərəst lobbi Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupunun Madrid prinsiplərini rədd edir. Konqresdə demokrat Brad Shermanın təşəbbüsü ilə 30 nümayəndədən 10-u Dağlıq Qarabağa ABŞ-ın yardım göstərməsinə dəstək verib. Demokratlar İsrailin Fələstinin Qərb Sahili ərazilərini ilhaq etmək planına açıq şəkildə qarşı çıxıb, ancaq söhbət Dağlıq Qarabağa gələndə vəziyyət dəyişir. Düzdür, Dövlət Departamenti sözdə "Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini" söyləyir. Ancaq məhz indi o vaxtdır ki, ABŞ qanunvericiləri Avropanın ərazi bütövlüyünə verdiyi dəstəyi müdafiə etməlidirlər. Artıq ikiüzlülük qəbul edilə bilməz.
Azərbaycanın hücum diplomatiyası, beynəlxalq arenada, müxtəlif nüfuzlu təşkilatlarda məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Prezident İlham Əliyev hər çıxışında onların əsl mahiyyətini üzə çıxarır, onların faşist mahiyyətini ifşa edir. Faşist Njdeyə abidə ucaldan da, bu abidəni müdafiə edən də elə faşistdir! İndiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurların rəhbərlik etdiklərini qeyd edir. Onlar özləri öz cinayətkarlarını, rüşvətxorlarını ifşa edirlər, halbuki Paşinyan özü də bir jurnalist kimi o quldurları, terrorçuları müdafiə edib, onların süfrəsindən yallanıb!
İşğalçı ölkənin terrorçu mahiyyətini 1990-cı illərin sonlarında Ermənistan parlamentində baş tutan terror hadisəsi sübut etdi və onların əsl simasını üzə çıxardı. Ermənistan terrorçu ölkədir, 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxarıb və Paşinyan diktaturası bu cinayətləri uğurla davam etdirir.
Prezident İlham Əliyev haqlı olaraq sual edir: “Nədir bunların (həmsədrlərin) bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk Qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun. Ona görə biz onlardan daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyirik".
Həqiqətən də  BMT-nin nizamnaməsinə görə Azərbaycanın özünümüdafiə hüququ var. Ermənistan BMT-dən üstün deyil əlbəttə. BMT, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO kimi mötəbər beynəlxalq təşkilatların Azərbaycanın bütövlüyünü tanıyan qərarlar alması, Avropa qurumlarının ərazi bütövlüyü prinsipini dəstəkləməsi beynəlxalq aləmdə mövqeyimizi daha da gücləndirir.
Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Lakin beynəlxalq qurumlardan buna adekvat cavab verilmir: “ATƏT MQ həmsədrləri Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər” - deyən ölkə başçısı əlavə edib ki, Azərbaycan danışıqlar formatına sadiqdir, danışıqların mahiyyətini əsas götürür. “Ermənistanın baş naziri  ”Qarabağ Ermənistandır" deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!" Qondarma Dağlıq Qarabağda saxta seçkilər nəticəsində seçilməmiş saxta prezident Şuşada andiçmə mərasimi keçirir. Buna adekvat cavab verilir, yoxsa yox?! Nə üçün deyilmir ki, bu, təxribatdır və bu təxribata görə Ermənistan cavabdehlik daşıyacaq..."
Bu ciddi suallara cavab vermək əvəzinə münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin növbətçi görüşlərindən savayı heç bir diplomatik səy göstərilmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına səssiz qalır. Xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər...
Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan buna layiqincə cavab verdi. Çox təəssüf ki, Minsk Qrupu buna adekvat cavab vermədi! Prezident deyir ki, Azərbaycan dözümlülük göstərir və konstruktiv olmağa çalışır. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə olaraq, Minsk Qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Azərbaycan danışıqları imitasiya üçün aparmaq niyyətində deyil”.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 6-da Qarabağ məsələsi ilə bağlı söylədiyi fikirlər işğalçı ölkəyə və münaqişənin tənzimlənməsində vasitəçi rolunu oynayan beynəlxalq dairələrə ciddi xəbərdarlıq kimi qiymətləndirilməlidir. Müsahibədən dərhal sonra Ali Baş Komandanın tapşırığı ilə Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə getməsi və birbaşa yerində hərbi gücümüzün təftiş olunması, ərazi bütövlüyümüzü müdafiə etmək üçün suveren dövlət olaraq hüququmuzdan həmişə istifadə etməyə ixtiyarımız olmasının təsdiqidir.
Həmçinin, bundan sonra Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri, qurumun vitse-prezidenti Azay Quliyevin ATƏT PA-nın Daimi Komitəsinin onlayn iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı çıxış etməsi, "Ermənistanın təxribatçı addımları hərbi eskalasiya üçün real bir riskdir" deyə, bəyan etməsi də diqqətdən qaçmamalıdır. Bir çox müşahidəçilər hesab edirlər ki, bütün bunlar savaşın qapıda olmasının anonsudur, beynəlxalq qurumlar ciddi işlərə başlamalıdırlar.
Ölkə başçısı kifayət qədər ciddi mesajlar verməklə yanaşı, danışıqlara nöqtə qoyulması vaxtının yetişdiyinə də işarə edib. Bu isə Azərbaycan xalqının çoxdan gözlədiyi günün anons edilməsi, Ermənistanın isə fəlakət astanasında olması anlamını verir. Əgər bir gün, məşhur Çörçilin təbirincə desək, «...siyasət başqa formada davam etdiriləcəksə» bunun məsuliyyətini Ermənistanın faşist, terrorçu, cinayətkar rəhbərliyi ilə yanaşı 27 il ərzində qərəzli fəaliyyətsizlikləri ilə ad çıxarmış ATƏT Minsk Qrupunun həmsədrləri də daşıyacaqlar...


İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər