Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqillik tariximizdə ilk: Siyasi partiyalar birlik nümayiş etdirdi...

20 iyul 2020 | 11:00
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Qısa müddət ərzində ordumuz düşmənə layiqli cavab vermiş və düşmənin ağır hərbi texnikaları, istehkamları, müdafiə qurğuları ordumuz tərəfindən darmadağın edilmişdir. Əldə olunan son məlumatlara görə Ermənistan tərəfi 100-dən çox canlı qüvvəsini də itirmişdir. Təəssüf ki, ağır döyüşlər zamanı ordumuz da itkilər vermişdir. Azərbaycan tərəfi tam şəffaflıqla itkiləri barədə ictimaiyyəti məlumatlandırmış və şəhidlərimizin dəfni həm dövlət orqanları, həm də çoxsaylı ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyat keçirilmişdir. Azərbaycandan fərqli olaraq Ermənistan həmişəki kimi bu dəfə də öz itkilərini gizlətməyə çalışmışdır. Ancaq bu əbəs cəhddir, çünki hər kəsə məlumdur ki, bu cür gərgin döyüşlərdən itkisiz çıxmaq faktiki olaraq qeyri-mümkündür. Bu sayların gizlədilməsi Ermənistana baş ucalığı gətirmir, əksinə acizliyini sübut edir.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində bir neçə gündür davam edən toqquşmalar Ermənistanda dərin narahatlıq və narazılıqla qarşılandı. Ölkəmizdə isə əksinə xalq arasında böyük çoşqu və ruh yüksəkliyi müşahidə olundu. İtirilən hərbiçilərimiz cəmiyyəti yasa boğsa da, onların intiqamının alınması ən prioritet məsələ kimi qaldırıldı. Bakıda orduya dəstək üçün əvvəlcədən planlanmamış amma minlərlə insanın qatıldığı yürüş təşkil olundu.  Yürüş düşməndə sözün əsl mənasında qorxu effekti yaratdı. Yürüş zamanı iştirakçılar dövlətimizə və əsgərlərimizə dəstək şüarları səsləndirdi, Qarabağ uğrunda müharibəyə hazır olduqlarını bəyan etdilər. Bununla bağlı Ali Baş Komandan demişdir: “Dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik”. Ölkə başçısının səfərbərlik çağırışından sonra respublikanın müxtəlif yerlərində, yaşları və vəzifələri fərq etmədən minlərlə insan çağırışa qoşuldu, artıq 40 minə yaxın insan səfərbərlik üçün qeydiyyatdan keçmişdir. Qeyd edək ki, onlarin içində Pirallahı gəncləri də kifayət qədərdir.
  Azərbaycan ordusuna, Ali Baş Komandana və dolayısıyla birliyə, həmrəyliyə dəstəyin ifadə olunması prosesinə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar da qoşuldu. Praktiki olaraq Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq müxtəlif platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq, həmrəylik nümayiş etdirdi və Ali Baş Komandanın yanında olduqlarını bəyan etdi.
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar 43 siyasi partiya milli həmrəylik bəyanatı yaydı. Bəyantda deyilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.
Belə bir gərgin abu-havada siyasi partiyaların birləşərək həmrəylik nümayiş etdirməsi hər birimizdə qürur və güvən yaratdı. Onların vəziyyəti düzgün dəyərləndirmələri, son hücumların məhz sərhəd zonasında baş verməsinin təsadüfi olmadığını, Ermənistanın və onun havadarlarının təcavüzkar niyyətinin yalnız Dağlıq Qarabağla məhdudlaşmadığını bildirmələri Ermənistanın təcavüzünün təsdiq edilməsi baxımından əhəmiyyətlidir. 43 siyasi partiya milli həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin və Ali Baş Komandanın yanında olduqlarını birmənalı olaraq dilə gətirsələr də təəssüf ki, bəzi siyasi çevrələr bu təlatümlü günlərdə hadisələrə münasibət bildirməyərək kənardan müşahidə etməyə üstünlük verdi. Yəqin ki, onlar adətləri üzrə yenə də hansı isə neqativ məqamlar axtarmağa, özlərini fərqli göstərmək üçün tənqid etməyə, mənasız xırdalıqları qabartmağa üstünlük verəcəklər. Bu onların məkrli mövqeyinin daha bir sübutudur.
Şübhəsiz ki, Ali Baş Komandanın ətrafında yaradılan milli birlik və həmrəylik ordumuzun gücünə gücünə qatan faktordur. Son günlərdə Bakı başda olmaqla, İstanbulda, Ankarada, Drüsseldorfda, Kiyevdə, Vaşinqtonda, Varşavada, Londonda, Sankt-Peterburqda və digər dünyanın böyük şəhərlərində keçirilən mitinqlər  Ordumuza və cənab İlham Əliyevə göstərilən inamın, etimadın canlı təzahürüdür. Bununla yanaşı diplomatik olaraq Azərbaycana göstərilən yüksək səviyyədə dəstək də bizim haqq mövqeyimizi daha da gücləndirdi. Qoşulmama Hərəkatının 120 üzv ölkəsi, İslam Əməkdaşlığı Təşkilatı, Böyük Britaniya, Ukrayna, Pakistan, Türkiyə, İsrail və digər dövlətlərin Azərbaycana dəstək verməsi Azərbaycanın dünya arenasında haqlılığının qəbul olunması aparılan düzgün siyasətin nəticəsidir.
Ölkə daxilində və xaricində dövlət başçısına verilən bütün bu dəstəklə yanaşı, bu möhtəşəm dəstəyə ləkə yaxmaq niyyəti güdən, vəziyyətdən başqa məqsədlər üçün yararlanmağa çalışan bir qrup insanlar da oldu. Onlar qar¬şıdurma və xaos yaratmaq məqsədilə Milli Məclisin binası ətrafında antimilli şüarlar səsləndirdilər. Onlar  parlamentin təhlükəsizlik xidmətinin əməkdaşlarına zor tətbiq edərək binaya daxil ola bildilər. Lakin qısa müddət ərzində asayiş keşikçiləri tərəfindən zərərsizləşdirildilər. Xalqımızın ən ağır və həssas dönəmində ermənipərəst qüvvələrin dəstəklədikləri “5-ci kolon” üzvlərinin ölkəmizdə qarışıqlıq yaratması cəhdi ən ağır cinayət kimi qiymətləndirilməlidir. Heç birimizdə şübhə yoxdur ki, “5-ci kolon”un aksiya iştirakçıları arasına qarışaraq təxribatlar törətməyə cəhd etmələrinin arxasında xarici maraqlı dairələr dayanır. Onlar  ermənilərlə həmrəylik nümayiş etdirir, döyüşlər getdiyi vaxtda ordumuza şər atır, yalanlar uydururlar. Dövlət başçısı bu qəbulolunmaz hərəkətlərlə bağlı bildirib ki:“Burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.
Heç bir daxili və xarici siyasi güc Azərbaycan dövlətinin qətiyyətliyini, gücünü, Ali Baş Komandan-xalq həmrəyliyini şübhəyə ala bilməz. Gənclərin könüllü olaraq döyüşə getmək istəyi, ictimaiyyətin ordu ilə həmrəylik addımları, şəhidlərin xatirəsinin əziz tutulması və Ali Baş Komandana hamılıqla etimad bu gücün ən parlaq ifadə formalarıdır. Azərbaycan xalqı hər şeyi görür və qiymət verir. Azərbaycan dövləti də xalqı ilə birlikdədir, xalqını dinləyir, hər bir addımını onunla məsləhətləşir, gələcəyini onunla birlikdə planlaşdırır və həyata keçirir. Beləliklə, biz tam əminik ki, gec-tez Ali Baş Komandanın rəhbərliyi və güclü Ordumuzun əzmi ilə öz torpaqlarımızı azad edəcək və ata-baba yurdumuza qayıdacağıq. Bu hər birimizin ən böyük arzusudur.

YAP Pirallahı rayon təşkilatının könüllüsü
Şəbnəm Eldarova

Keçidlər