Şriftin ölçüsü :

Saytın rəngi :

Pandemiya ilə mübarizədə sistemli tədbirlər həyata keçirilir

10 avqust 2020 | 11:00
Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində apardığı ardıcıl əməli tədbirlər dəfələrlə müvafiq beynəlxalq qurumların və Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında səmərəli nəticələri ilə gündəmə gəlmişdir. Bəşəriyyətin bütün sahələrinə ağır zərbələr vurmuş pandemiya təhlükəsinin qarşısının alınmasında Azərbaycan çox nadir ölkələrdəndir ki, insan sağlamlığı amilinin mühüm faktor olduğunu ən önəmli dövlət siyasəti olaraq qarşıya qoymuşdur. Bu istiqamətdə görülən işlər sözün əsl mənasında diqqətəlayiqdir. Belə ki, pandemiyanın və qeyri-müəyyən neft qiymətlərinin ölkə iqtisadiyyatına vurduğu ziyana baxmayaraq pandemiya dövründə insan amilinin daim ön planda tutulması və sosial siyasətə böyük diqqət ayrılması, işsizlik probleminin yaranmaması üçün sahibkarlara dəstək verilməsi, səhiyyə sahəsində olduqca sürətli və operativ tədbirlərin görülməsi ölkə siyasətinin insan yönümlü olduğunu açıq şəkildə ortaya qoyur.
6 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə videoformatda müşavirə keçirmişdir. Müşavirədə çıxışı zamanı cənab İlham Əliyev pandemiya dövründə ölkədə həyata keçirilən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı vacib məsələlərə toxunmuşdur.
Prezident çıxışında qeyd etmişdir ki, koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. Artıq üç həftədir ki, bu müsbət dinamika müşahidə edilir. Ölkə başçısı bu işdə həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək demişdir:  “Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir”.
Bundan əlavə çıxışında pandemiya dövründə səhiyyə sahəsində görülən işlərdən də danışan ölkə başçısı bildirmişdir ki,  bugün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib. Testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atılıb. Qısa müddət ərzində laboratoriyalarımızın sayı 5 dəfə artırılıb, məqsəd laboratoriyaların sayının 45-ə çatdırılmasıdır. Daha sonra ölkə başçısı vurğulayıb ki, 9 modul tipli xəstəxana istismara verilib və yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Ən kritik ssenariyə hazır olmalıyıq prinsipi ilə hərəkət edən ölkə başçısı hələ ki, buna ehtiyac olmasa da iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrildiyinin, yəni, uyğunlaşdırma məsələlərinin həll edildiyini vurğuladı. Qeyd edək ki, bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala biləcək .
Müşavirədə sosial dəstək layihələrinin uğurla icra edildiyini bildirən ölkə başçısı bunu statistik rəqəmlərlə də ortaya qoydu.
“Biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik”-deyən cənab İlham Əliyev dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyətinin faktiki olaraq işləməməsinə baxmayaraq onların dövlət tərəfindən əməkhaqqı aldığını və 760 min insana lazımi maliyyə dəstəyinin göstərildiyini bildirdi. Daha sonra altı yüz min işsiz, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı insanın dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu və onların 190 manat müavinətlə təmin edildiyini, avqust ayında da sərt karantin rejiminin tətbiq edildiyi bölgələrdə yaşayan insanlara 190 manat müavinətin veriləcəyini vurğulayan ölkə başçısı bu dövrdə heç bir sosial layihənin yarımçıq qalmadığını yaxud da ixtisar edilmədiyini vurğuladı. “Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir”
Bu yaxınlarda Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edərkən də dövlətimizin başçısı qeyd etdi ki, “Müqayisə üçün deyə bilərəm ki, keçən il 934 mənzil verilmişdir, bu il isə 1500, ondan əvvəlki illərdə təqribən ildə 500-600-700. Yəni, bu, onu göstərir ki, bu problemi həll etmək və şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Mən istəyirəm ki, biz bu proqramı tezliklə başa çatdıraq və buna nail olacağıq”.
Bu gün hər bir Azərbaycan vətəndaşına məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər geniş vüsət alır. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 2018-ci ildə 265, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq 150-si təqdim edilib. Ümumilikdə isə  Nazirlik tərəfindən ötən dövrdə müharibə əlilləri və onlara bərabər tutulanların 6900  minik avtomobili ilə təminatı həyata keçirilib.
Bunların fonunda şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin Prezidentin aylıq təqaüdü ilə, şəhid övladlarının aylıq sosial müavinətlə təmin olunması, şəhid vərəsələrinə birdəfəlik ödəmələrin demək olar ki tamamilə ödənməsi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin övladlarının ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi və şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün bir sıra imtiyaz və güzəştlərin nəzərdə tutulması mühüm nailiyyətlər sırasında xarakterizə edilməlidir. Bununla yanaşı ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər və əhalinin aztəminatlı təbəqəsi üçün ərzaq paylarının verilməsində də ürəkaçan statistikalar mövcuddur. Bütün bunlar şübhəsiz ki, ölkəmizin sosial siyasətdəki insan amilinə verilən dəyərin nəticəsidir.
Bir çox inkişaf etmiş ölkələr belə bu dövrdə ölkə iqtisadiyyatının daha vacib olduğunu düşünərək sosial siyasəti ikinci plana atdığı halda Azərbaycan Prezidenti İlham Əliyev daim insan amilinin daha vacib olduğunu bildirdi və insanların sağlamlığınıın, rifahının qayğısına qalmağın tərəfdarı oldu. Bunun üçün hər bir Azərbaycan vətəndaşı ölkə prezidentinə minnətdardır. Pandemiya bir daha sübut etdi ki, Azərbaycanda xalq-iqtidar birliyi maksimum həddədir və Azərbaycan öz tarixinin ən güclü dövrünü yaşayır. Bizim iqtisadiyyatımız çətinliklər qarşısında tab gətirəbiləcək gücdədir.
Cənab Prezidentimiz müşavirədə iqtisadi inkişaf mövzusunu da toxunaraq müqayisələr aparmış və  bildirmişdir ki, “Bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çoxdur. Əlbəttə ki, bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Ancaq yenə də iqtisadi inkişafımız təmin edilməlidir. Bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar bu iqtisadi canlanmanı təmin etməlidir,itkiləri azaltmalıdır”
Dövlət başçısı daha sonra vergi islahatları və dövlət büdcəsinə düzəlişlərdən də danışaraq bildirdi ki, vergilərin 75 faizi özəl sektorda formalaşır və vergi sistemində ciddi islahatlar aparılmasaydı, bu vergilər yığılmayacaqdı. Məhz bu sahədə aparılan islahatlar nəticəsində 6 ay ərzində proqnozdan əlavə vəsait yığıldı. Büdcəyə düzəlişlər çətin dövrdə dövlətin vətəndaşa dəstək vermək niyyətini aydın göstərir. Eyni zamanda, Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir.
Dövlət şirktlərinin fəaliyyəti ilə bağlı da fikir bildirən ölkə başçısı, dövlət şirkətlərində itkilərin aradan qaldırılmalı olduğunu vurğuladı. Dövlət şirkətlərinin normal korporativ idarəetmə əsasında işləməsi təmin olunmalıdır deyə bildirdi.
Digər məsələ bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlıdır. Biz buna da getməliyik. Son vaxtlar bu sahədə aparılan müzakirələr deməyə əsas verir ki, artıq ciddi addımların atılması labüddür. Özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır.
Müşavirənin sonunda yekun xarakterli çıxış edən dövlət başçısı bir daha koronavirus infeksiyası ilə bağlı danışaraq bildirdi ki, bu, elə bir bəladır ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə yumşaldılacaq. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik”.

Familli Xumarə
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər