Şriftin ölçüsü :

Saytın rəngi :

Cənubi Qafqazda sabitlik arzulayanlar işğalçını niyə silahlandırır?

01 sentyabr 2020 | 11:00
Ermənistan hərbi bölmələrinin iyulun 12-də Azərbaycanla sərhəddə təxribat törətməsi Ermənistan hakimiyyətinin əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyırdı. Belə ki, hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Ermənistanda ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız çətinliklər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə və azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Siyasi mühitdə də vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Yuxarıda vurğuladığımız kimi Paşinyan cəbhədə təxribat  törətməklə diqqəti yayındırmağa və əhalini “vahid düşmənə” qarşı birləşdirməyə çalışır. Ancaq Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyi az ehtimal olunur.
Paşinyan ölkə daxilində müxalifətin təzyiqləri ilə, xaricində isə Moskvanın sərt tələbləri ilə üzləşib. Daim pisləşən Ermənistan-Rusiya münasibətləri fonunda Baş Nazir artıq nə edəcəyini bilmir. Hakim komanda parçalanır, istefa dalğası bütün iqtidarı iflic vəziyyətə salır. Paşinyan hakimiyyətə gələn ərəfədə vəd etdiyi hər hansı islahatı və ya işi məntiqi sonluğa çatdıra bilmir. Bu isə onun bacarıqsızlığından, qeyri-peşəkarlığından xəbər verir. Yerli və xarici analitiklər artıq əminliklə bildirirlər ki, bu gün Ermənistanda bütün dövlət idarəetmə sistemi xaosa sürüklənir.
Paşinyanın bundan çıxış yolu olaraq təxribat törətməsi isə vəziyyəti daha da gərginləşdirməkdən başqa bir işə yaramır. Çünki daha əvvəl Aprel döyüşlərində və Naxçıvan əməliyyatında olduğu kimi Tovuz döyüşlərində də Ermənistan ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edildi. Təkcə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülərə baxsaq Ermənistanın itkilərinin rəsmi olaraq açıqladığı rəqəmdən ən az 10 qat çox olduğunu görə bilərik.
Avqustun 23-də cəhbənin Goranboy istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribat törətmək cəhdi isə Ermənistanın işğalçılıq siyasətinin növbəti təzahürü oldu. Ermənistanın bu təxribatının da qarşısı Azərbaycan Ordusunun ayıq-sayıqlığı və peşəkarlığı nəticəsində qətiyyətlə alındı amma bu bir daha təsdiq etdi ki, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymur. Xüsusi tapşırıq yerinə yetirərkən əsir götürülən diversiya-kəşfiyyat qrupunun komandiri baş leytenant Qurgen Alaverdyan özü etiraf edib ki, onların məqsədi diverisya törətmək, mümkün olduğu qədər çox sayda əsgərimizi öldürmək və əsir götürmək idi. Amma əlbəttə ki, onlar buna nail ola bilmədi, əvəzində bir erməni zabit əsir götürüldü, digərləri isə geri çəkilməyə məcbur oldu. Bununla da ordumuzun ayıq-sayıqlığı, peşəkarlıq səviyyəsi bir daha nümayiş olundu.
Son proseslər bizə deməyə əsas verir ki, əgər vaxtında ermənilər xarici havadarları tərəfindən dəstəklənməsəydi onların Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi və illərdir işğal altında saxlaması sözün əsl mənasında mümkünsüz olardı. Təəssüf ki, bugün də ermənilərə xarici dəstək davam etdirilir. Bütün dünyaya sülh mesajları verən, insan hüquqlarından dəm vuran bir çox ölkə Ermənistanla bağlı eyni sülhsevər mövqeyi nümayiş etdirmir. Əlbəttə ki, bunun səbəbləri müxtəlif ola bilər amma yəqin ki, daha çox həmin ölkələrin bölgədəki mənfəətləri ilə bağlıdır. Bu isə bizə deməyə əsas verir ki, dövlətlər üçün onların şəxsi mənafeləri, bir çox hallarda beynəlxalq hüquq prinsiplərindən üstündür.
Aydındır ki, Ermənistanın azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə hədəfə alması və ağır silahlardan atəşə tutması əsil vandalizm nümunəsidir. Bugünkü dünyada bu hərəkəti edən ölkənin kimliyindən asılı olmayaraq layiqli şəkildə cəzalandırılması və dünya ictimaiyyəti tərəfindən qınaq obyektinə çevrilməsi adi hal olmalıdı amma özlüyümüzdə müşahidə etdiyimiz heç də belə deyil. Ermənistanın Azərbaycana qarşı bunu illərdir etməsinə baxmayaraq hələ də ona layiqli münasibət göstərilmir. Son olaraq Tovuz döyüşləri zamanı 76 yaşlı mülki əhalinin oldürülməsi də dünya medyasında kifayət qədər  ajiotaj yaratmadı. Halbuki, amerikalı qara dərili bir vətəndaşın ölümü sadəcə Amerikada deyil, Avropada və dünyanın bütün ölkələrində qınandı. Eyni reaksiyanı azərbaycanlı bir vətədaş üçün də görmək bizim də istəyimizdir. Amma təəssüf ki, hələ ki bunu görmürük. Əvəzində müttəfiq olaraq qəbul etdiyimiz ölkələrin düşmənimizi silahlandırmasını görürük. Bəli, Tovuz döyüşləri zamanı iki Azərbaycanla müttəfiq ölkənin Ermənistana silah satması faktlarla sübut olundu. Bu ölkələr Serbiya və Rusiyadır.
Serbiya ilə bağlı məsələnin artıq həllini tapdığını desək yəqin ki, yanılmarıq. Çünki, Azərbaycan hökumətinin məsələ ilə bağlı Serbiyaya rəsmi olaraq etirazını bildirməsindən qısa müddət sonra  Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini və vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini bildirdi. Beləliklə, telefon danışığından cəmi dörd gün sonra avqustun 11-də Serbiyanın Baş nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi və Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycanı ziyarət etdi və burada bir sıra vacib görüşlər keçirdi. Görüşdən sonra mətbuata açıqlama verən nazir bildirdi ki,  mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir.
Bununla da siyasi müstəvidə Serbiya ilə məsələnin həll olunduğunu deyə bilərik. Çünki Serbiya qısa müddətdə anladı ki, Azərbaycan kimi müttəfiqi itirmək, hələ də bunu Ermənistan kimi bölgədə heç bir iddiası olmayan, başqa dövlətlərin vassalı olan bir ölkəyə görə etmək məntiqsizdir. Azərbaycan bir çox dövlətlərin arzuladığı müttəfiqdir və Azərbaycanın dostluğunu itirmək yaxşı heç nə vəd etmir.
Qeyd etdiyimiz kimi Tovuz döyüşlərinin qızğın getdiyi bir vaxtda Ermənistanı silahlandıran digər ölkə isə Rusiya idi. Ermənistanın atəşkəsi pozmasından cəmi bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys, yəni təqribən 400 tondan artıq  silah daşınıb. Yaxın günlərdə Azərbaycana səfər edən rus müdafiə naziri Sergey Şoyqu bunu fərqli təqdim etməyə çalışsa da, yəni daşınan yüklərin Ermənistan ərazisində yerləşən hərbi bazalarına tikinti materialları olduğunu bildirsə də, bu Azərbaycan tərəfini qane etmədi və edə də bilməzdi. Bizim bildiyimiz bir həqiqət var ki, Rusiya bu səfərdə daha əvvəl dəfələrlə olduğu kimi Ermənistanı silahlandırıb.
Üstəlik daşınan yüklər həqiqətən də, tikinti materialları olsaydı yəqin ki,  üç fərqli ölkə üzərindən daşınaraq, yəni kifayət qədər ciddi vəsait xərclənərək  Ermənistana çatdırılmazdı. Rusiyadan Ermənistana təyyarə reysləri Rostov-Minvod-Aktau-Türkmənbaşı-Novşer-Rəşt-Mehri-İrəvan olmaqla 3 xarici ölkə üzərindən daşınıb. Amma aydındır ki, rəsmi Bakı daşınan yüklərin sadəcə, marşrutuna dayanaraq, onların hərbi təyinatlı olduğu qənaətinə gəlməyib. Ortada dəqiq və təsdiqlənmiş bilgi olmasaydı, cənab İlham Əliyev Vladimir Putinlə telefon danışığında bu məsələni qətiyyətli və açıq şəkildə qaldırmazdı.
Rusiyanın Ermənistana silah-sursat göndərməsi Azərbaycan cəmiyyətində də ciddi məyusluq və qəzəblə qarşılandı. Əlbəttə, Rusiyanın Ermənistanı silahlandırması ilk hadisə deyil, bundan öncə də dəfələrlə Rusiyanın Ermənistanı silahlandırması, hətta bəzən tamamilə pulsuz şəkildə bunu etməsi ifşa olunub. Amma ən azı indi bu hərəkətin təsiri daha ağır oldu. Çünki hadisədən bir ay sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov özü etiraf etdi ki, (avqustun 20-də “Trud” qəzetinə müsahibəsində - R.Quliyev) Tovuz təxribatını ermənilər başladıb. Yəni Moskvada hər kəs Tovuz hadisələrinin günahkarının Ermənistan olduğunu bilir və bilə-bilə də hadisədən dərhal sonra Ermənistana əlavə silah-sursat göndərilib. Bunda məqsədin nə olduğu isə hələ də məlum deyil.
Bir şeyi də vurğulamaq istərdim ki, Azərbaycanı qəzəbləndirən bir nöqtə də Rusiyanın ATƏT-in Minsk Qrupunun üç həmsədrindən biri olmasıdır. Yəni Rusiya həmsədr kimi, münaqişənin sülh yolu ilə həllində maraqlı olmalı və tərəfləri buna təşviq etməlidir. Amma Rusiya bu məsuliyyətini tamamilə unudaraq, münaqişə tərəflərindən birini, üstəlik də işğalçı tərəfi silahlandırır. Bunun cəmiyyətdə birmənalı qarşılanmayacağı aydındır.
Unutmamaq lazımdır ki, Azərbaycan MDB və digər regional platformalarda Rusiya ilə yaxından tərəfdaşlıq edir və Rusiya silahlarının əsas alıcılarından biridir. Bu faktlar Bakını Moskva ilə həssas davranmağa vadar edir amma bir tərəfdaş və dost ölkə kimi Azərbaycanın Rusiyadan tələbləri var. Rusiya bir vasitəçi, eləcə də tarixi baxımdan Cənubi Qafqazdakı proseslərin əsas iştirakçılarından biri kimi, münaqişənin həllində obyektiv arbitr rolunu oynamalıdır. Əks təqdirdə Rusiyanın Cənubi Qafqazdakı mövqeləri daha da zəifləyəcək.
Azərbaycan artıq işğalın davam etməsi ilə barışmaq və münaqişənin beynəlxalq təşkilatlar vasitəsilə sülh yolu ilə həllini gözləmək niyyətində deyil. Belə olan halda, rəsmi Moskva ya bir addım irəli gəlib vasitəçi dövlət kimi təcavüzkar Ermənistanı sülhə məcbur etməli, ya da geri çəkilib, Azərbaycanın güc yolu ilə torpaqlarını azad etməsinə mane olmamalıdır.

Loğman Müslümov

Keçidlər