Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Türkiyə əməkdaşlığı

11 sentyabr 2020 | 11:00
Azərbaycan və Türkiyə münasibətləri haqqında danışarkən yalnız bu gündən söhbət açmaq düzgün olmazdı. Çünki bu iki dövləti bir-birinə bağlayan köklər minilliklərə dayanır. Əlbəttə ki, bütün tarixi analiz etmək fikrim yoxdur. Dədə Qorquddan Koroğluya qədər, Mövlanədən  Nəsimiyə qədər, Nuru paşadan, Çanaqqala savaşından, Əhməd Cavadın az qala hər kəsin əzbər bildiyi “Çırpınırdı Qara dəniz”-inə qədər həddindən artıq ortaq dəyərlərə sahibik. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan və bir-birinə bağlı olan ikinci belə bir nümunə tanımıram. Genetik bağlılıqları olan xalqlar, ortaq tarixi olan dövlətlər yetərincədir, ancaq Azərbaycan və Türkiyə qədər bağlı dövlətlər yoxdur. Türkiyədə azərbaycanlı, Azərbaycanda isə türk şəhidlərimiz uyuyur. Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci isə bizim sevincimizdir” söylərkən, bu ifadədə qardaş  bağlılığını hiss edə bilərik. Eynilə də Türkiyənin sevinci və kədəri Azərbaycanın öz hissləridir. Bəli, məhz bunun nəticəsidir ki, Çanaqqala zəfərinin (1915-16) qazanılmasında minlərlə soydaşımızın da payı var və həmin döyüşlərdə qəhrəmancasına döyüşmüş şəhidlərimiz Çanaqqaladakı qardaşlıq məzarlarında uyumaqdadırlar.
Eləcə də, Azərbaycanın 1918-ci ildə üzləşdiyi siyasi böhran zamanı xalqımızın soyqırımına və ərazilərinin işğal təhlükəsi ilə qarşı-qarşıya qaldığı vaxtlarda Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasını həyata keçirməsini, azərbaycanlı qardaş və bacılarını düşmən caynağından qurtarmasını xatırlatmaqla həmin tarixi həqiqətləri qürurla ana bilərik. Bu gün Azərbaycan torpağında minlərlə türk qardaşlarımız şəhidlik şərbəti içərək uyumaqdadırlar.
Sanki bütün yuxarıda söylədiklərimin təsdiqi kimi , Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz çıxışlarının birində bu gün dillər əzbəri olan tarixi kəlamını səsləndirmişdir – BİZ BİR MİLLƏT, İKİ DÖVLƏTİK!
Bu qardaşlıq tarixin bütün sınaqlarından keçərək bu günümüzə qədər davam etməkdədir. Hələ Ulu Öndərimiz Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədrlik etdiyi vaxtlarda, yəni Muxtar Respublikanın blokada şəraitində olduğu zaman, Naxçıvan əhalisinin yağı düşmənlə ağır döyüşlərdə iştirak etdiyi anlarda Türkiyə ilə sərhəddə “Ümid” körpüsünün açılmasına, bunun ardınca isə sosial-iqtisadi, strateji və hərbi-müdafiə dəstəyinin əldə edilməsinə nail oldu. Bu kimi həssas bir məsələnin həmin dövrdə nə qədər çətin bir proses olduğunu isə yəqin ki, çoxları bilir. Məhz Türkiyə dövləti belə bir çətin anda öz qucağını Azərbaycana, Naxçıvana açdı və növbəti dəfə bariz qardaşlıq nümunəsini ortaya qoydu. Çünki qeyd etdiyimiz kimi, həmin qardaşlıq nümunəsi tarixlərə bağlı olan bir şərəf salnaməsinin məntiqi davamı idi.
İllər əvvəl Azərbaycanın  ərazi bütövlüyü İran İslam Respublikası tərəfindən təhdid ediləndə qardaş ölkənin döyüş təyyarələrinin Bakı səmasında görünməsi bir çoxlarının qaynar başına soyuq su tökmüş oldu. “Türk ulduzları” ilə “Azərbaycan şahinləri” Bakı səmasında bəzi qüvvələrə bir mesaj göndərdilər ki, artıq iki ölkə bir yumruqda birləşib və bu vahidliyi kimsə sarsıda bilməz. Ondan sonrakı illərdə ölkələrimiz arasında dəfələrlə birgə hərbi təlimlər baş tutdu. Xüsusən “Azadlıq Meydanı”nda keçirilən hərbi paradda azərbaycanlı və türk əsgərlərin eyni sırada hərbi yürüşlə keçmələri, parad zamanı iki ölkə Ali Baş Komandanlarının söylədikləri nitqləri Azərbaycan-Türkiyə müttəfiqliyinin ən bariz təcəssümlərindən biri kimi ortaq tariximizə yazıldı.
Daha bir nümunəni 2014-cü ildə gördük. O zaman Çexiyanın paytaxtı Praqada Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramının beş illiyi münasibəti ilə keçirilən tədbirdə Türkiyə nümayəndəliyi iştirak etmirdi. Türkiyə nümayəndəliyinin iştirak etməməsindən sui-istifadə edən Ermənistan prezidenti qondarma erməni soyqrımını gündəmə gətirərək, Türkiyəni tənqid etməyə cəhd etdi. O zaman Azərbaycan Prezidenti cənab İlham Əliyev ortaya açıq mövqe qoyaraq, “Türkiyə nümayəndəsi burada yoxdur, ancaq mən burdayam” dedi və ermənilərin cavabını verdi. Türkiyə dövlətinin mövqeyini öz dövlətinin maraqları kimi müdafiə etdi. Dövlətimizin başçısı tarixi "Əgər Türkiyə burada yoxdursa, mən varam!" bəyanatını səsləndirməklə qardaş ölkəyə qarşı irəli sürülən ittihamlara qətiyyətli cavab verməklə, əslində Azərbaycan-Türkiyə münasibətlərinin hansı səviyyədə olduğunu bütün dünyaya göstərdi və Türkiyəyə qarşı çıxan bütün tərəflərə sərt bir mesaj ötürdü ki, bu məsələdə ədalətli mövqe Türkiyənindir və o tək deyil.
Bu məqamda onu da xatırlatmaq istərdim ki, bir neçə il əvvəl - Türkiyədə FETÖ terror təşkilatı tərəfindən dövlət çevrilişinə cəhd edilən zaman ölkəmizin başçısı dərhal bəyanat verərək, Azərbaycan dövlətinin və xalqının bütün mənalarda Türkiyə dövlətinin, hakimiyyətinin və xalqının yanında olduğunu qətiyyətlə vurğuladı. Və bu günə qədər də ölkəmiz FETÖ qalıqları ilə mübarizədə Türkiyəyə hər cür yardım edir. Bu anda xüsusilə toxunmaq istərdim ki, sözügedən faktor yalnız iki strateji və müttəfiq ölkələr arasında əldə edilmiş rəsmi razılaşmaların göstəricisi deyil, bu eyni zamanda, sarsılmaz  qardaşlığın bariz nümunəsidir.
Bu ilin iyul ayında Ermənistanın  dövlət sərhəddimizin Tovuz rayonu istiqamətində təxribat törətməsi nəticəsində yaranan gərginlik yəqin ki, hər kəsin yadındadır. Və o da yadımızdadır ki, bəzi dövlətlər Ermənistana gizli, bəziləri isə Rusiya kimi açıq dəstək verdilər. Əlbəttə ki,  düşmən layiqli cavabını aldı, xeyli itki verərək geri çəkilməli oldu. Bunlar öz yerində. Amma bu hadisələr zamanı Türkiyənin açıq və  birmənalı şəkildə Azərbaycanın yanında olmasını bəyan etməsi və bunu Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın dili ilə etməsi, ardınca Türkiyənin bütün hərbi rəhbərliyinin Azərbaycana gəlməsi az qala şok effekti yaratdı. Bütün dünya gördü ki, Azərbaycanla Türkiyə bir millət , iki dövlətdir və eyni zamanda bir yumruqdur. Həm də çox ağır yumruqdur.
Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının Yaponiyanın və Yunanıstanın ölkəmizə təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul etdiyi vaxt irəli sürdüyü mühüm fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi. Bildiyimiz kimi, məhz yunan səfirinin etimadnaməsini qəbul etdiyi zaman dövlətimizin başçısı qardaş Türkiyənin mövqeyinə birmənalı dəstəyini ifadə etdi. “Azərbaycan istənilən halda Türkiyənin yanındadır”  dedi. O da bəllidir ki, Türkiyə dövlətinin Şərqi Aralıq dənizi akvatoriyasında tədqiqat aparmasından narahat olduğunu bəyan edən ölkələrdən biri də Yunanıstandır. Sirr deyil ki, Türkiyə dövləti yalnız yataqlar məsələsində deyil, eyni zamanda Şimali Kiprdə yaşayan türklərin də qarantı olaraq çıxış edir. Belə olan halda, yəni bu kimi bənzər məsələlərdə qardaş ölkə ilə təhdid dilində danışmağa çalışanların cavabının Azərbaycan Prezidenti tərəfindən yüksək diplomatik tərzlə verilməsi söz yox ki, türk qardaşlarımızla birgə hər birimizi - deyərdim ki, böyük türk dünyasını qürurlandırdı. Əbəs deyil ki, Türkiyənin dövlət və hakimiyyət nümayəndələrindən tutmuş sıravi vətəndaşlarına qədər və eyni zamanda bütün media orqanları, hər kəs Prezident İlham Əliyev cənablarının qətiyyətli bəyanatlarını alqışladı, bunu növbəti sarsılmaz qardaşlıq nümunəsi olaraq dəyərləndirdi.
Bu gün Azərbaycan-Türkiyə münasibətləri həqiqətən dünyada bənzəri olmayan münasibətlərdir. Və bu günkü nəslin borcu ata-babalardan gələn bu birliyi, qardaşlığı olduğu kimi, hətta daha möhkəm formada gələcək nəsillərə ötürməkdir. Azərbaycanla Türkiyənin taleyi birgə yazılıb və bu daim belə də olmalıdır.

Əli Kərimov
YAP Pirallahı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Keçidlər