Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Türkiyə daim birlikdə olacaqlar

12 sentyabr 2020 | 11:00
Azərbaycan ilə Türkiyə arasında olan səmimi dostluq və qardaşlıq münasibətləri beynəlxalq aləmdə ölkələr arasında nadir rast gəlinən, dəyərli hadisədir. Bugün ölkələrimizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, eyni zamanda sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq.
Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra isə xalqlarımız arasında ciddi əsaslara söykənən qardaşlıq münasibətləri dövlət siyasəti səviyyəsinə qaldırıldı. Ulu öndərimizin bönövrəsini qoyduğu bu münasibətlər onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  düşünülmüş, sistemli siyasəti ilə daha da yüksək səviyyəyə çıxarıldı. Eyni şəkildə, prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyə daim Azərbaycanın yanında oldu, onunla bərabər nəfəs alıb, onun problemlərinin aradan qaldırılmasında birmənalı dəstəyini ifadə etdi. Beləliklə, bu gün iki ölkə arasında münasibətlər öz tarixinin ən yüksək səviyyəsindədir. Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu iki dövlətin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.
Azərbaycan - Türkiyə münasibətləri hərbi əməkdaşlıq müstəvisində də yüksələn xətlə inkişaf edir. Türkiyə hələ 1990-cı illərin əvvəllərində-Azərbaycanın müstəqilliyini yeni qazandığı dövrdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında xüsusi rol oynayıb. Məlumdur ki, o zaman Azərbaycanda hələ nizami ordu tam formalaşmamışdı və orduda kadr çatışmazlığı problemləri mövcud idi. Türkiyə Azərbaycanda kadrların hazırlanmasında, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynadı. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi və bir çox müqavilələr, sazişlər imzalandı. Bununla yanaşı illərdir ki, iki ölkə arasında vaxtaşırı hərbi təlimlər keçirilir. Belə təlimlərə, “EFES”, “Anadolu Ankası”, “Qış Təlimi”, “Anadolu Ulduzu”, “Erciyes-2019”, “Anadolu Qartalı”, “Mustafa Kamal Atatürk”, “Sarsılmaz Qardaşlıq”, “TurAz Qartalı - 2019” kimi uğurlu təlimləri misal göstərmək olar.
Onu da qeyd etmək istərdim ki, İki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir. Bunlar, NATO ilə əməkdaşlıq sənədləri, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr və  Türkiyənin milli təhlükəsizlik sənədləridir.
İki qardaş ölkə arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq bu il də iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Təlimlər bir çox mənada yadda qalan oldu. İlk öncə, bu təlimlər həm iki ölkədə, həm də ölkələrimizdən kənarda böyük ajiotaja və səs-küyə səbəb oldu, xüsusilə də işğalçı Ermənistanın təşvişə düşdüyü açıq müşahidə olundu. Hərbi təlimlərin Naxçıvan Muxtar Respublikasını da əhatə etməsi, Naxçıvanın cəmi 56 km-liyində olan İrəvanda təşvişlə qarşılandı. Beləliklə, iki qardaş ölkə keçirdiyi hərbi təlimlərlə bir daha öz gücünü bütün dünyaya göstərmiş oldu. Digər tərəfdən, iki ölkənin Silahlı Qüvvələri-Quru Qoşunları bölmələri və Hərbi Hava Qüvvələrinin aviasiya və döyüş helikopterləri çox mürəkkəb döyüş elementlərini həm nəzəri, həm də praktiki şəkildə yerinə yetirdilər. Quru Qoşunları bölmələri indiyə kimi sınaqdan keçirtmədikləri mürəkkəb taktiki elementləri məşq etməli oldu. Sözsüz ki, bu da qoşunlarımızın hazırlıq səviyyəsinin yüksəldilməsində müstəsna rol oynadı.
O da vurğulanmalıdır ki, iki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələləri və müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlıq perspektivdə nəzərdə tutulan məsələlərdir.
Prezident İlham Əliyev təlimlərdən sonra Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, təlimlərin hərbi əməkdaşlıq və eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi baxımından  çox böyük əhəmiyyəti və faydası var. Prezident deyib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”. Çıxışının davamında ölkə başçımız bu təlimlərin gələcəkdə də davam edəcəyini və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinın burada öz Vətənlərində olduqlarını da vurğuladı.
Beləliklə, ölkə başçısının da vurğuladığı kimi,  Azərbaycan və Türkiyə- iki qardaş ölkə bir-birlərinin ölkəsində qonaq deyil, elə doğma vətənindədir.
Toxunmaq istədiyimiz digər mövzu son günlərin digər aktual məsələsi olan ölkə başçımızın yunan səfiri ilə görüşü və görüşdə toxunduğu məsələlərdir. Görüşdə yunan səfirinə qarşı olduqca açıq şəkildə, bütün diplomatik söz oyunlarından kənar olaraq fikirlərini bəyan edən ölkə başçımız Azərbaycanın xarici siyasətindəki prinsipial mövqeyini bir daha göstərdi.
Son dövrlərdə ölkələrimiz arasında münasibətlərin səviyyəsinin xeyli dərəcədə aşağı düşdüyünü və demək olar ki, təmasların dayandığını bildirən ölkə başçısı, bunun səbəblərini açıq şəkildə səfirin diqqətinə çatdırdı. Əlavə olaraq ölkə başçımızın toxunduğu iki məsələ xüsusilə diqqət çəkdi. İlk olaraq cənab İlham Əliyev Yunanıstanın Ermənistanla Kipr də daxil olmaqla üç tərəfli hərbi əməkdaşlığının Azərbaycanda ciddi narahatlıqla qarşılandığını bildirdi. Ölkə başçımız dedi: “Ermənistan Azərbaycana düşmən mövqedədir və bu onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur..... Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər. Əməkdaşlığın bu üçtərəfli formatı bizi narahat edir”.
Ölkə başçısının toxunduğu digər məsələ isə Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliklə bağlı oldu. Cənab İlham Əliyev bu məsələdə Azərbaycanın Türkiyənin yanında olduğunu və onu qeyd-şərtsiz, sonuna qədər dəstəklədiyini bildirdi. “Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. ....... Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”.
Dövlət başçımız tərəfindən qardaş ölkənin müdafiəsinə yönəlmiş bu qiymətli fikirlər, vaxt baxımından da xüsusi diqqət tələb edir. Türkiyə Avropa Birliyi, özəlliklə, Yunanıstan, Fransa və Almaniya tərəfindən, guya Şərqi Aralıq dənizində barış, rifah və sabitliyi pozmaqda “ittiham” edilərkən və sanksiyalarla “hədələnərkən” Azərbaycanın bu açıq dəstəyi və bütün məsələlərdə Türkiyənin yanında olacağını bildirməsi xüsusilə qiymətlidir. Türkiyə tərəfindən də ölkə başçımızın bu sözlərinə reaksiya gecikmədi. Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Çox sağ olun, Cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç zaman şübhə etmədik! Türkiyə də hər zaman tərəddüdsüz Azərbaycanın yanında olacaq. Tək millət, iki dövlət!”  deyərək Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi.
Beləliklə, son hadisələr bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə münasibətləri tamamilə yeni bir səviyyədə inkişaf etməkdədir.Tarixin hazırkı mərhələsində bu iki ölkənin bir-birindən başqa arxası-dayağı yoxdur. Azərbaycan və Türkiyə  indi din, dil və mədəniyyət qardaşları olmaqla yanaşı həm də tale qardaşlarıdır. Qardaşın qardaşa dəstək verməsi də təbii və gözləniləndir.


Kəmalə Mustafayeva
YAP Pirallahı rayon Qadınlar Şurasının sədri

Keçidlər