Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda təhsilin keyfiyyət göstəriciləri ilbəil artmaqdadır

15 sentyabr 2020 | 11:00
Təhsil cəmiyyətin hərtərəfli inkişafını və tərəqqisini şərtləndirən başlıca amildir.  Ümummilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Öz siyasətində bu amili daim əsas prioritet olaraq qəbul edən Prezident İlham Əliyev fəaliyyəti dövründə dövlət proqramları çərçivəsində 3700-ə qədər məktəbin tikilməsini və ya əsaslı təmir edilməsini təmin etmişdir. Təhsil sahəsində olan problemləri və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayan  dövlət başçımız ölkəmizin gələcəyini məhz savadlı gənclərdə görür. Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllimlərə və şagirdlərə etdiyi müraciətdə də bunu bir daha vurğulamışdır. “Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar”.
Bu sahədə görülən işlər çərçivəsində Pirallahı məktəbləri də əsaslı təmir olunmuş və maddi texniki bazaları yenilənmişdir. Bununla yanaşı, 05 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksinin daxilində müasir standartlara cavab verən, yüksək şəraiti ilə seçilən 220 nəfərlik məktəb istifadəyə verilmişdir. Hazırda rayonda 7  tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə  2900-dən çox şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 241 müəllim məşğul olur.
2020-2021-ci tədris ilində Pirallahı rayonunun tam orta məktəblərindən 185 nəfər orta məktəbi bitirmiş, onlardan 129 nəfər DİM tərəfindən keçirilən qəbul imtahanında iştirak etmişdir. 5 nəfər 600-dən, 8 nəfər isə 500-dən çox bal toplamışdır. Son illər şagirdlərin topladıqları ballar,  o cümlədən təhsildə fərqləndikləri üçün əldə etdikləri nailiyyətlər rayonda təhsilin  yüksək səviyyədə tədrisi ilə xarakterizə olunur. Sevindirici haldır ki, Pirallahı rayonunda təhsil bir neçə ildir ki,  ən yaxşı göstəricilərinə görə respublika üzrə ilk sıralarda  yer alır. Birmənalı olaraq vurğulamaq olar ki, “Məktəb, daim inkişafda olan canlı orqanizmdir” fikri Pirallahıda təhsil alan şagirdlərin timsalında özünü ideyadan tətbiqə keçid formasında tam ifadə edir.
Bütün dünyanı cənginə alan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində məktəblərdə bütün sanitar-epidemioloji vəziyyət tam nəzarət altındadır. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və YUNESKO bildirmişdir ki, dünyadakı mövcud pandemiya şəraitində təhsil sistemləri epidemioloji vəziyyətə uyğun çevik yanaşmalar tətbiq etməli və yeni prosedurların hazırlanmasına ciddi önəm verməlidir. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə sistemli tədbirlər həyata keçirilməkdədir. Beləliklə, tədris prosesinin təşkili ilə bağlı məktəblərdə koronavirus əleyhinə bütün qabaqlayıcı tədbirlər görülmüş, müəllim, şagird heyəti qabaqcadan maarifləndirilmişdir. Məktəbə daxil olarkən pedaqoji və texniki heyətin, eyni zamanda şagirdlərin hərarəti yoxlanılır, dezinfeksiya edici məhlullardan istifadə edilir. Məktəbdə bütün müəllim və texniki heyət tibbi maskadan istifadə edir və şagirdlər arasında sosial məsafə gözlənilir.
 
 
Keçidlər