Şriftin ölçüsü :

Saytın rəngi :

30 illik həsrət bitdi. Biz qayıdırıq!

13 noyabr 2020 | 11:00
Ermənistanın 30 il ərzində yaratdığı “yenilməz” ordu rəşadətli Azərbaycan Ordusu qarşısında sadəcə 44 gün tab gətirə bildi. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı birgə bəyanat Azərbaycanın döyüş meydanında qazandığı parlaq qələbənin siyasi-diplomatik müstəviyə daşınması oldu. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu istehkamları darmadağın etdi. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, 10 noyabr günü Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazıldı.
Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməyə məcbur oldu və kapitulyasiyaya razılıq verdi. Azərbaycanın maraqları çərçivəsində imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın işğalçılardan təmizlənərək Azərbaycan ordusunun nəzarətinə veriləcək. Bu sənədlə regionda tamamilə başqa geosiyasi mənzərə yaranır. Bu sənədin siyasi gücünü ən yüksək səviyyədə siyasətçidən tutmuş sıravi vətəndaşa kimi hər kəs hiss edir.
Əlbəttə  ki, indiyə qədər Dağlıq Qarabağla bağlı bir çox qətnamələrin, qərarların şahidi olmuşuq. Amma şəxsən mənim fikrimcə imzalanan bu bəyanat qətiyyəti, prinsipiallığı və effektlivliyi ilə digər bütün sənədləri geridə qoydu. 30 ilə yaxın bir müddətdə ermənilərin həyata keçirməmək üçün hər şeyi etdikləri-bizim isə qətiyyətlə tələb etdiyimiz -erməni silahlı qüvvələrinin torpaqlarımızı tərk etməsi tələbi bu sənədlə cəmi 20 gün ərzində reallaşacaq. Dekabrın 1-i tarixinə qədər 1 dənə belə erməni silahlı qüvvələrinə mənsub əsgər və ya zabit torpaqlarımızda qalmayacaq. Otuz ildir gözlədiyimiz gün nəhayət gəlib çatdı. Qarabağ azaddır! Şuşa azaddır! Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və digər illərdir ki, işğal altında olan torpaqlarımız azaddır!! Nəhayət torpaqlarına həsrət qalan vətəndaşlarımız 27-28 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar. Bunu bizə təmin edən Ali Baş Komandanımız və Ordumuza minnətdarıq! Bu qələbənin əsas qəhrəmanları məhz onlardır.
Bu sənədin özünə qədərki sənədlərdən həm siyasi, həm iqtisadi, həm də digər aspektlərdən üstünlüyü ondan ibarətdirki, vaxtilə 366-cı motoatıcı alayın və digər hərbi siyasi dairələrin yardımı ilə Ermənistanın işğal etdiyi ərazilərdə əldə olunmuş status kvoya uyğun gələn bir sənəd deyil. Sənədin əsaslandığı istinadlar cəbhə zonasında döyüş əsasında əldə olunmuş reallıqlardır və bu sənəd bugünki reallıqları əks etdirir. Bu reallıqlar da Azərbaycanın üstün mövqeyini göstərir.
Bəyanatda üç ayrı istiqamətdə siyasi, sosial, iqtisadi baxımdan prinsiplər öz əksini tapıb. Siyasi baxımdan torpaqlar konkret vaxt normativi, yəni cədvəl əsasında geri qaytarılmalıdır. Sosial baxımdan qaçqın və məcburi köçkünlər öz doğma dədə-baba yurdlarına qayıtmalı və onların hüquqları bərpa olunmalıdır. İqtisadi baxımdan cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, regionda normal iqtisadi əməkdaşlığı təmin etmək istəyiriksə Qarabağ problemi həll olunmalıdır. Hər üç prinsip bəyanatda var.
Sənədin iqtisadi tərəfləri konkret punktlarla göstərilib. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Naxçıvanın blokadadan çıxması eyni zamada Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası və həmin marşrut üzrə nəqliyyat vasitələrinin və yüklərin hərəkəti, bütün iqtisadi əlaqələrin bərpası və s. regional iqtisadi əməkdaşlığın inkişafı baxımından ortaya mühüm dividentlər qoyur. Regional əməkdaşlığın qurulması hər zaman Azərbaycanın iqtisadi siyasətinin mühüm tərkib siyasəti olub. Hər kəs anlayır ki bütövlükdə Cənubi Qafqazda iqtisadi əlaqələrin qurulması bölgənin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Çünki bölgənin iqtisadi potensialı kifayət qədər böyükdür. Cənubi Qafqazın  ərazi cəhətdən 50 %, əhali cəhətdən 2/3, iqtisadi cəhətdən də 2/3 Azərbaycan aiddir. Təbii ki, regionun lider dövləti kimi Azərbaycan hər zaman region ölkələri arasında iqtisadi əməkdaşlığın güclənməsinə maraqlı olub. Biz illər uzunu bunu Ermənistana izah etməyə çalışsaq da təəssüf ki, heç bir halda Ermənistan bunu ya başa düşmürdü ya da istənilən halda bunu başa düşmək qabiliyyətində deyildi.
Bəyanatda digər diqqəti cəlb edən məqamlardan biri də qaçqın və məcburi köçkünlərin geri qaytarılması faktıdır. İstənilən müharibənin, münaqişənin gedişində ən vacib tərəf humanitar sahədir: Mülki vətəndaşlar, onların öz evlərində təhlükəsizliyi məsələsi və ya evindən didərgin düşmüş qaçqın-məcburi köçkünlərin evinə qaytarılması və onun bütün hüquqlarının bərpası. Cənab Prezident dəfələrlə bildirib ki, qaçqın və məcburi köçkünlər geriyə-öz yurd-yuvalarına qayıtmalıdır. Ermənistanın ərazilərimizi işğal etməsində guya səbəb o idi ki, böyük Ermənistan xülyalarını yerinə yetirsinlər. Amma bu illər ərzində göründü ki, dənizdən dənizə bir ərazini əhatə etdikləri barədə yalanlar, miflər uyduranlar heç iki çay arasındakı ərazidə belə məskunlaşa bilmədilər, nə orda olan sərvətdən istifadə edə bildilər, nə də yeni nəsə yaratdılar. Olan qalanı da yerlə yeksan etdilər, xarabalığa çevirdilər. İndiki halda bu ərazilərdən, o dağılmış evlərdən kənarlaşdırılmış, didərgin salınmış vətəndaşların yerinə qayıtması həm də yaxşı bir başlanğıcdır. Bu qayıdış üçün çoxlu işlər görülməlidir:ərazidə infrastruktur bərpa olunmalı, beynəlxalq güclər öz öhdəliklərini yerinə yetirməli, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin iştirakı ilə bu proses reallaşmalı və hər bir insan öz evinə ləyaqətlə qayıtmalı, ləyaqətli yaşayış imkanlarına malik olmalıdır.
Məlumat üçün bildirək ki, dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır. Və nəhayət bu təmin olundu. Azərbaycan dövləti də işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək.
Beləliklə indi qarşımızda iki böyük vəzifə durur: işğaldan azad olunmuş torpaqlarımızda vətəndaşlarımızın normal həyatının bərpası üçün lazımi infrastrukturun yaradılması və yurd-yuvasından didərgin düşmüş soydaşlarımızın yurdlarına geri dönməsi. Bu hədəflərin reallaşdırılması üçün kifayət qədər resursumuz – maliyyə imkanları və insan potensialımız, ən əsası isə əzmimiz və iradəmiz var. Prezident İlham Əliyev dediyi kimi, xalqımızın birliyi bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq. Biz hamımız cənnət guşəmiz olan Qarabağı yenidən dirçəldəcəyik.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər