Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin Qarabağa ilk səfəri Böyük Qayıdışın təntənəsidir!

19 noyabr 2020 | 11:00
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla səfəri yaddaşlarda əbədi qalacaq bir hadisə oldu. Xalq qalib ordunun Ali Baş Komandanını böyük izdihamla qarşıladı.
16 noyabr tarixində Füzuli rayonuna səfər baş tutdu və bu zaman bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Qalib Prezidentə xalqın ehtiramının sonsuz olduğu aydın görünürdü.
Uzun illərdən sonra ona qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezident kimi tanınır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Eyni zamanda Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır! Bir müharibənin fərqli nəticələri göz önündədir. Ermənistanda öz xalqından gizlənən Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlət başçısı İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər edib. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.
Qalib Prezident İlham Əliyev tarix yazan ordunun yanındadır. Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi möhtəşəm Qələbənin mənbəyi şübhəsiz ki, Xalq-iqtidar birliyidir. Bölgələrdə Prezidentin izdihamla qarşılanması ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin əyani təcəssümüdür. Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir.
Qarşı tərəfdə isə iflasa uğrayan mənfur erməni siyasətini görürük. Bir il əvvəl Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, hərbi təlimlər keçilməsinə göstəriş verən, Şuşada qondarma rejimin andiçmə mərasimini təşkil edən və sərxoş vəziyyətdə rəqs edən Nikol Paşinyan bu gün ən yaxın silahdaşları tərəfindən tərk edilib, məğlubiyyətə düçar olub, rəzil vəziyyətə düşüb, öz yaxın adamlarını döyüşlərdə itirmiş, qəzəblənmiş kütlələr isə onun ofisini dağıdır, özünü də fiziki baxımdan məhv etməyə hazırdır.
Qalib Azərbaycan xalqı öz multikultural dəyərlərini yaşadacaq və tolerant inanclarına sadiq qalacaqdır. Vahid Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi dövlətdir. Azərbaycanda bütün vətəndaşlar, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Qarabağa həyatın qayıtması üçün Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Öz qayıdışı ilə Azərbaycan xalqı Qarabağa həyatı qaytaracaqdır.
İşğaldan azad olunmuş torpaqlarda icra olunan ilk layihə Füzuli-Şuşa avtomobil yolunun salınmasıdır. Bu həm də Qarabağa həyatın qaytarılmasının rəmzidir. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu böyük quruculuq işlərinin ilk qaranquşudur. Əminik ki, bundan sonra da üst-üstə bir çox layihələr icra olunacaq və Qarabağımız cənnət məkana çevriləcək.
Qarabağımızın işğaldan azad olunması və Ermənistanın sülhə məcbur edilməsi birbaşa Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordumuzun rəşadəti sayəsindədir. Qalib Azərbaycan Ordusu Qələbə səlnaməsi yazdı. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kəndi azad etdi. Beləliklə, düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir Azərbaycanlı şanlı qələbəsi həm də təzyiqlərə rəğmən qazanılmış Qələbədir. 44 gün ərzində müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlərin olmasına rəğmən Azərbaycan zəfər çaldı.
Bugün isə artıq faşistlər, terrorçular, Azərbaycan xalqının cəlladları öz haqlı cəzalarını yaşayırlar. Azərbaycan ordusu Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdi. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib. Azərbaycan Köçəryan-Sarkisyan ordusunu da məhv etdi. Güc və həmrəylik rəmzi olan dəmir yumruq onların başına endi. Azərbaycan xalqı tarixi ədaləti güc, birlik, igidlər və şəhidlər hesabına bərpa etdi. Dövlət başçımızın bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Müharibə nəticəsində ölümcül zərbə almasına rəğmən rəsmi İrəvan hələ də məsuliyyətsiz və faşist məzmunlu siyasət yürüdür. Topaqlarımızdan çıxmaq öhdəliyi götürən düşmən çıxarkən evləri, binaları, meşələri yandırır- sözün əsl mənasında ekoloji terror həyata keçirir. Beləliklə, bu gün dünya erməni vandalizm aktlarının şahididir. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. İşğal edilmiş bütün ərazilərdə evlər dağıdıb, bütün infrastruktur dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsini silmək istəyib.
Bu səbəbdən düşmən mütləq məsuliyyət daşımalıdır. Hazırda düşmən tərəfindən vurulmuş ziyan hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir.
Beləliklə, Prezident İlham Əliyevin işğaldan azad edilmiş Qarabağa bu ilk səfəri gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandan Xudafərin körpüsündə hansı bayrağın dalğalanmalı olduğunu nümayiş etdirdi. İşğalçını diz çökdürən Qalib Prezident müqəddəs üçrəngli, ay-ulduzlu bayrağımız önündə diz çökdü, öpüb gözləri üstünə qoyaraq göylərə ucaltdı – Bir kərə yüksələn bayraq bir daha enməz! Qarabağ Azərbaycandır!

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri

Keçidlər