Şriftin ölçüsü :

Saytın rəngi :

Uzun illərdən bəri həsrətini çəkdiyimiz Zəfər yürüşü

13 dekabr 2020 | 11:00

30 ilə yaxın idi ki, hər bir azərbaycanlının ürəyində, yolunda, arzusunda qara bir bağ var idi. Vətən oğulları o bağı açaraq yerində uca bir dağ tikdilər. Artıq Azərbaycanın Qarabağ adlı problemi yoxdur. Bunun üçün biz rəşadətli Ordumuzun hər bir fərdinə və Ali Baş Komandanımıza minnətdarıq. Bugün əldə etdiyimiz qələbənin əsas memarları məhz onlardır.
Azərbaycan az qala 30 illik həsrətdən sonra nəhayət işğala son qoydu və Ermənistanı həm hərbi arenada, həm də siyasi arenada məğlub etdi. 44 günlük Vətən müharibəmizin hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın. Və Zəfər baş tutdu. Xüsusilə 8 noyabr tarixli şanlı Şuşa qələbəmiz və sonrakı gün 70 kəndin işğaldan azad olunması ermənilərin belini qırdı. Onlar təslim olmağa və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da Azərbaycan hərbi sahədəki qələbəsi, siyasi müstəviyə daşıdı. Qeyd edək ki, hərbi uğurumuzu bərkidən əsas amillərdən biri də uzun illər ərzində davam etdirdiyimiz diplomatik mübarizəmizdir. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində dövlətimiz tərəfindən böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli, tarixi, əbədi Azərbaycan torpağıdır.
Təəssüf ki, münaqişənin hərbi yolla həll edilməsi qaçılmaz idi.  Çünki ermənilər torpaqlarımızı sülhlə vermək istəmir, danışıqları imitasiya məqsədilə aparır və sadəcə torpaqlarımızda möhkəmlənmək üçün vaxt qazanmağa çalışırdı. Ermənistan tərəfi xüsusilə son 2 il ərzində təxribatçı addımları, bəyanatları və hərəkətləri ilə müharibədən başqa çıxış yolu olmadığını sübut etdi. Onu da qeyd edək ki, son illərdə beynəlxalq hüquq və prinsiplərin kobudcasına pozulması Qarabağ münaqişəsinin həllinin diplomatik yollarla olmasına inamı get-gedə azaltdı. Hər kəs müşahidə edirdi ki, bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatır, beynəlxalq hüquq və  BMT Təhlükəsizlik Şurasının qətnamələri sadəcə kağız üzərində qalaraq, heç bir məcbur edici funksiya daşımırdı. Belə olan halda Azərbaycan xalqı öz problemini özü həll etmək məcburiyyətində idi. Azərbaycan Ordusu cəbhədə, səngərdə qələbə qazanmalı idi ki, tarixi ədalət bərpa olunsun, BMT Təhlükəsizlik Şurasının qətnamələti yerinə yetirilsin və məcburi köçkünlər illərdir ki, həsrətini çəkdikləri öz yurd-yuvalarına qayıtsınlar. Və ordumuz bunu, cəmi 44 günə etdi. Şanlı Qələbə qazandı. Bundan cəmi bir ay sonra isə 10 dekabr tarixində Zəfər paradımız baş tutdu.  Azərbaycan döyüş meydanında əldə etdiyi zəfərə - qələbəyə uyğun olaraq möhtəşəm təntənə ilə Parad keçirdi və əldə etdiyi qələbəni qeyd etdi.
Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olundu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olundu. Beləliklə, Azərbaycan möhtəşəm zəfər paradı ilə Qarabağ döyüşünü taclandırdı.
Əslində bu Azərbaycan xalqının 30 ildən bəri gözlədiyi bir qələbə idi. Azərbaycanın dövlət bayramları, əlamətdar günləri var. Ancaq bunların içərisində Zəfər bayramı adlı bir bayramımız yox idi. Bu bir növ bizdə natamamlıq yaradırdı. Bi hər il Müstəqillik gününü, Respublika gününü, Milli Dirçəliş gününü və müxtəlif bayramlarımızı qeyd edirdik. Amma bütün bu bayramlarımızı qeyd edərkən təntənəmiz bir qədər yarımçıq qalırdı. Necə ki, torpaqlarımızın 20 faizi işğal altında idi həmçinin sevincimizin, mənəviyyatımızın, ruhumuzun, ürəyimizin  iyirmi faizi də işğal altında idi. Bu zəfər təntənəsi əslində milli bütövlüyümüzü yenidən təmin etmiş oldu. Necə ki, ərazi bütövlüyümüz təmin olundu ona uyğun şəkildə mənəviyatımız, ruhumuz bütövləşdi və nəhayət dövlət bayramları sırasına zəfər bayramı da daxil edilməklə möhtəşəm bir dövlət bayramları silsiləsinə qovuşduq. Bu bayramların hər biri  ümumxalq sevinci ilə yaşanır amma Zəfər bayramı xüsusi olaraq emosional bir şəkildə coşqu ilə yaşandı. Çünki biz uzun illərdən bəri bu bayramın həsrətini çəkirdik. Hər birimiz Parad zamanı böyük qürur və fəxarət hissi ilə qalib Azərbaycan əsgərinin keçidini gördük, Ali baş Komandanımızın nitqinə qulaq asdıq və möhtəşəm bir gün yaşadıq. Ölkə başçımız çıxışında vurğuladı ki,  ölkəmiz üçün yeni dövr başlayır - quruculuq dövrü. Mənfur düşmən işğal edilmiş bütün torpaqları yerlə-yeksan edib. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Zəfər Paradımızla ya da ümumiyyətlə qələbəmizlə erməni miflərinə də son qoyuldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, illərdir ki, kök salmış erməni mifini də məhv edib. Onlar öz ordusu haqqında yalan, şişirdilmiş məlumatlar ötürərək müxtəlif miflər yaratmışdılar, guya Ermənistan ordusu yenilməz, qorxmaz ordudur. Amma cəmi 44 gün ərzində rəşadətli Ordumuz Ermənistan ordusunu məhv etdi, ermənilərin hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə də uğradıldı. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub. Təcavüzkar Erməni əsgəri haqq uğrunda savaşan Azərbaycan əsgəri qarşısında dura bilməyib. Azərbaycanda isə heç bir dənə də fərari yox idi. Hətta tam əksinə, bizim yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu müharibə ilə Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.
10 dekabr- “azadlığımızın” Azadlıq meydanındakı təntənəsi oldu. Bundan qürurlu fəxarətli tarix ola bilərmi?! Bu qələbə bütövlükdə Azərbaycan xalqının yenidən dünyaya gəlişi, günəş kimi yenidən doğulması tarixidir.  Biz bu şanlı tarixə 44 günlük səbr, dəyanət, cəsarət və  qətiyyətlə nail  olduq. Əslində biz müharibəni elə ilk gündən qazandıq: Şəhidlərimizin canı, qanı bahasına, xalqımızın iradəsi, xalq-ordu birliyi sayəsində.
44 günlük zaman kəsiyi bizə həm də qəhrəman oğullarımızı, ürəyinə daş basıb öz oğlunun tabutunu çiynində daşıyan ananı, əli qolu olmaya-olmaya “mən vətən üçün heç nə etmədim” deyən əsgəri tanıtdı. Bu günlər ərzində öz oğlu məzarında “Xocalı qisası almısan. Buna görə ağlamıram” deyən ananı, canından keçməyə hazır cəbhəyə könüllü yazılan qadınları, eyni səngərdə döyüşən ata-oğulları, bir gözünün itirsə də “bir göz nədirki?! Canım bu vətənə qurban” deyən yaralı qaziləri də gördük. Hələ, son nəfəsində sinəsindəki bayrağını oğluna əmanət qoyan şəhid kapitanları, 10-a yaxın erməni hərbiçisi ilə təkbaşına əlbəyaxa döyüşə girərək bir palkovnik və generalı əlləri ilə boğaraq öldürən oğulu, məğrur duruşu ilə bütün ölkənin sevimlisinə çevrilən topçunu demirəm. Onların hər biri xalqımızın yaddaşına silinməz mürəkkəblə həkk olundu. Biz onların hər birinə minnətdarıq. Onlara deyiləcək tək bir söz var: Vətən Sizi unutmayacaq...
Torpağa məhəbbət mübarək hissdir. Biz müharibə dövründəki birliyimizlə bir daha bütün dünyaya sübut etdik ki, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Ali Baş Komandanın da dediyi kimi, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan!
Zəfərin mübarək Azərbaycan!

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər