Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “27 sentyabr-Anım günü”nə həsr olunmuş tədbir keçirildi

27 sentyabr 2021 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr Anım Gününün təsis edilməsi haqqında 02 dekabr 2020-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Pirallahı rayonu İcra Hakimiyyəti tərəfindən Tədbirlər Planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 13 sentyabr tarixindən etibarən rayonda dövlət qurumları və ictimaiyyət nümayəndələri tərəfindən Vətən Müharibəsi şəhidlərinin ailələri ziyarət edilmiş, şəhid məzarları və “Vətən uğrunda” abidə kompleksinin ətrafının abadlaşdırılması işləri həyata keçirilmişdir.
27 sentyabr 2021-ci il tarixində Pirallahı rayonundan Vətən müharibəsində şəhid olmuş Nəbiyev Elmar Elman oğlunun və şəhid  baş leytenant Vüsal Sübbuh oğlu Babayevin məzarları RİH başçısı Vasif İmanov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunmuş və şəhidlərin məzarlarına gül dəstələri qoyulmuşdur. Daha sonra rayon rəhbərliyinin iştirakı ilə Anım günü münasibətilə ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 1000-ə yaxın müxtəlif növ ağac və gül kolları əkilmişdir.
Tədbirlər Planına uyğun olaraq rayon mərkəzində yerləşən “Vətən uğrunda” abidə kompleksi qarşısında RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçılarından ibarət 100 nəfərin iştirakı ilə ümumrayon tədbiri keçirilmişdir. Koronovirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına uyğun olaraq keçirilən tədbirdə ilk olaraq Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra şəhid ailələrinin üzvlərinin iştirakı ilə şəhidlərin xatirəsinə inşa edilmiş “Şəhid bulağı”nın açılışı olmuşdur.
Tədbirdə RİH başçısı Vasif İmanov geniş nitqlə çıxış edərək  44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhramanlıqla həlak olmuş və ya sağlamlığını itirmiş hər bir vətəndaşın daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını bildirmişdir. Həmin günlərdə Pirallahı rayonunun gənclərinin də Vətənin müdafiəsi üçün ayağa qalxdığını bildirən RİH başçısı Pirallahı rayonundan yüzlərlə gəncin ordu sıralarına yazılmaq üçün müraciət etdiyini və ümumilikdə 81 rayon sakininin Vətən müharibəsində qəhrəmanlıqla iştirak etdiyini vurğulamışdır. Qeyd edək ki, müharibədə iştirak edən rayon gənclərindən 2 nəfər şəhid olmuş,7 nəfər isə yaralanmışdır. Ümumilikdə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə rayondan 56 nəfər Vətən müharibəsi iştirakçısı 85 ədəd medalla təltif olunmuşlar.
Tədbirdə daha sonra 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən  Milli Məclisə deputat seçilmiş Rauf Əliyev, Vətən müharibəsi şəhidi Nəbiyev Elmar Elman oğlunun anası Çiçək Biləndərli, şəhid baş leytenant Vüsal Sübbuh oğlu Babayevin həyat yoldaşı Aynur Babayeva və Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Fazil Məhəmmədov çıxış etdi. Şəhid ailələri çıxışlarında Vətən uğrunda həlak olan yaxınları ilə qürur duyduqlarını bildirdi və əlavə etdilər ki, bu zəfər şəhidlərimizin qanı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, qalib Azərbaycan xalqının birliyi nəticəsində əldə olundu. O da vurğulandı ki, dövlətimiz daim şəhid ailələrinə diqqət və qayğı ilə yanaşır və hər bir şəhid ailəsi bu diqqəti öz üzərində hiss edir. Şəhid ailələri bunun üçün Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Tədbir Pirallahı məktəblərinin hazırladığı kompozisiya ilə sona çatdı.
 
 
 
 
 
 
 
Keçidlər