Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Dövlət Proqramları uğurla icra edilir

14 oktyabr 2014 | 10:00
Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışında iştirak edib
 
   Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib.
   Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yenilənməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində də nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər uğurla icra olunur. Bu, Bakıda tıxac probleminin aradan qaldırılmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilib. Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilir.
   Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır. Artıq yolun 15 kilometrə yaxın hissəsi istismara tam hazırdır. Dörd hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilib. Mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl yaradır və tıxaclara səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.
    Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir. Layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub. Bundan başqa, yol boyunca yaşıllıqlar salınıb. İnşaat işləri zamanı burada bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib. Beləliklə, müasir tələblər səviyyəsində inşa olunan bu yolun tikintisi nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiq edir. Bu cür layihələrin uğurla icra olunması sübut edir ki, ölkədə görülən sosialyönümlü tədbirlərdən başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir.
    Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
 
Prezident İlham Əliyev Pirallahı rayonuna gəldi
 
   Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışından sonra Pirallahı rayonuna gəldi.
   Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verdi.
   Yeni yaradılan Pirallahı rayonu da sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə Sərəncam imzaladıqdan sonra bu rayonda geniş quruculuq və abadlıq işləri həyata keçirilib. Qısa müddətdə Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət alıb. Aparılan yenidənqurma işləri nəticəsində Pirallahı qəsəbəsinin siması sürətlə müasirləşir. İndi qəsəbədə küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin təmir-tikintisi və bərpası istiqamətində xeyli işlər görülür. Pirallahı qəsəbəsinin inkişaf perspektivlərinə uyğun olaraq alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.
 
Prezident İlham Əliyev Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə tanış olub
 
    Prezident İlham Əliyev Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə tanış olub.
   Yeni körpüdə tikinti işlərinə 2012-ci ilin sonunda başlanılıb. Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri görülüb. Layihə üzrə işlərin 60 faizi artıq icra edilib.
   Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14, hərəkət zolağının eni isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər başa çatdırılıb. Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək.
   Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
   Sonra dövlətimizin başçısı Pirallahı rayonunda yeni şəhərin konseptual planı ilə tanış oldu. İnkişaf layihəsinə uyğun olaraq yeni şəhər üçün Gürgən dəniz sahili boyu və ətraf ərazilər seçilib. Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkin olaraq, yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parklar salınacaq.
Layihəyə görə, ilkin mərhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.
 
Prezident İlham Əliyev Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub
 
   Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasadlarının təmirinə başlanılıb. Binaların fasadlarının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır, şəhərsalma və tikinti normalarına cavab verməyən kiçik və yarımçıq tikililər sökülür, ərazilər təmizlənərək abadlaşdırılır. Binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
  Pirallahı qəsəbəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub. Bu işlər, eyni zamanda, məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcək.
Keçidlər