Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda bəzi küçələrin adları dəyişdirilib

23 noyabr 2017 | 11:00
    Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidməti olub.  Ulu öndər Heydər Əliyevin dil siyasəti dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmuşdur. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının  Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunması Ulu Öndərin dil və dilçilik sahəsinə necə həssaslıqla yanaşmasının   ən bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin 9 aprel 2013-cü il tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı mütərəqqi əhəmiyyətə malik olmaqla, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, eləcə də dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi kimi məsələləri özündə ehtiva edir.
   Şəhərlərimizin, rayonlarımızın, prospektlərimizin, küçələrimizin Azərbaycan xalqına yad olan toponimlərlə adlandırılması SSSR-nin şovinist siyasətinin nəticəsidir. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik əldə etdikdən sonra tariximizə zidd olan, ideologiyamıza uyğun olmayan, xalqımız üçün heç bir xeyirli iş görməmiş şəxslərin adlarının yerini öz milli, tarixi adlarımız tutdu. Vaxtilə təcavüzə uğrayan toponimlərimizin yenidən bərpası dövlətimizin apardığı milli siyasətin nəticəsidir ki, indiyə qədər 1000-dən artıq toponim milliləşdirilib. Azərbaycan Respublikası gənc olmasına baxmayaraq, bu kimi məsələlərdə prinsipialdır. Milli siyasət yürüdən dövlətimiz indi xalqımızın qəhrəmanlarının, görkəmli şəxsiyyətlərinin adını küçələrə, prospektlərə verir.
   Pirallahı Rayon İcra Hakimiyyətinin nəzdində bu məsələ ilə əlaqədar İşçi Qrupu yaradılmışdır və mütəmadi olaraq rayon ərazisində küçə adları, lövhələri, reklamları  ilə bağlı monitorinqlər keçirilir. Qeyd edək ki, rayonumuzun ərazisində müasir dövrün standartlarına cavab verməyən, cəmiyyətimizin ictimai-siyasi həyatını, tariximizi, adət-ənənələrimizi özündə əks etdirməyən, həmçinin Sovet İttifaqı dövründə verilmiş küçə adları yeni küçə adları ilə əvəz olunub. Belə ki, Pirallahı qəsəbəsində Fioletov küçəsi Milli Qəhrəman Sergey Murtuzəliyev, Xanlar küçəsi neftçi Qurban Abbasov, Əzizbəyov küçəsi Milli Qəhrəman Yavər Əliyev, Prodolnaya küçəsi Milli Qəhrəman Mübariz İbrahimov adlarını alıblar. Çilov qəsəbəsində Caparitze küçəsi Milli Qəhrəman Rasim İbrahimov, Bünyatzadə küçəsi isə 28 May adları ilə əvəz olunublar.
    Rayonumuzda küçə adlarını bildirən yeni lövhələrin hazırlanması istiqamətdə müvafiq işlər həyata keçirilir və qısa bir müddət ərzində quraşdırılması nəzərdə tutulmuşdur.
Keçidlər