Şriftin ölçüsü :

Saytın rəngi :

Milli qəhrəmanlarımız

İbrahimov Rasim Səxavət oğlu -1962-ci aprelin 18-də Bakı şəhəri Əzizbəyov (Pirallahı) rayonu Çilov adasında anadan olub. O, zabit kimi Almaniyada, Azərbaycanın müxtəlif rayonlarında xidmət keçib. 1991-ci ildə Füzuli rayonunda özünümüdafiə taboru yaradıb, komandirlik edib. Füzuli rayonunun müdafiəsində rəşadətlə vuruşub. 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda ağır döyüşə girib, düşmənə ağır zərbə vurub, ermənilər əlavə qüvvə gətirdikdən sonra mühasirəyə düşüb, yaralanıb, lakin döyüşə axıra qədər rəhbərlik edib. Son nəfəsində düşmən əlinə düşməmək üçün özünü qumbara ilə partladıb və həlak olub. Cəsur komandirin son sözləri belə olub: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq”.
Ailəli idi, iki övladı yadigar qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Çilov adasında abidəsi ucaldılıb, adına bağ salınıb. Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb onun adını daşıyır.

Əliyev Yavər Yaqub oğlu-27 iyun 1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Pirallahı adasında 235 saylı orta məktəbi bitirdikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olmuşdur. O, tükənməz səyi nəticəsində müxtəlif tipli vertolyotların idarə olunmasını dərindən öyrənmişdir. Y. Əliyev əvvəlcə Mİ-4, Mİ-2 vertolyotuna pilot, daha sonra isə komandir təyin edilmişdir.
Y. Əliyevin Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasında böyük əməyi olmuşdur. 1992-ci ildə Şuşaya gedərək həlak olmuş döyüşçülərin meyitlərinin oradan çıxarılmasında xüsusi səy göstərmişdir. Həmin ilin 14 fevralında MDB hərbi hissələrindən Azərbaycana bir neçə vertolyotun göndərilməsində Y. Əliyevin xüsusi xidməti olmuşdur. Dəfələrlə Qarabağa Mİ-24 vertolyotunda uçuşlar etmişdir. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirmişdir. 1992-ci il fevralın 29-u Yavər Əliyevin sonuncu uçuşu olmuşdur. Təlim-məşq zamanı vertolyotu qəzaya uğrayaraq həlak olmuşdur.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli idi. İki övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 14-sentyabr 1992-ci il tarixli 204 saylı Fərmanı ilə Əliyev Yavər Yaqub oğluna ölümündən sonra " Azərbaycan Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Vaxtilə təhsil aldığı 235 saylı orta məktəb onun adını daşıyır.

Murtuzəliyev Sergey Murtuzəlieviç- 1963-cü il 17 noyabr Bakının Pirallahı qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olur. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alır. Sergey polkovnik-leytenant rütbəsi də almışdır.
Qəlbi hər an Vətən eşqi ilə döyünən Sergey Qarabağa ilk uçuş edənlərdən biri oldu. O, dəfələrlə döyüş zonasına uçuşlar etmiş, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərmişdi. Sergey onlarla erməni faşistini məhv etmiş və zirehli texnikasını sıradan çıxarmışdı. Vətən övladının adı dilləri gəzirdi, əfsanəyə çevirilmişdi Sergey. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı hamı onun Segey olduğunu bilərdi. 30 avqust 1993-cü il təlim uçuşu zamanı kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğradılar faciədən xilas olmaq mümkün olmadı...
Evli idi, iki övladı yadigar qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
"N" saylı Hərbi Aviasiya alayında qəhrəmanımızın büstü qoyulub.

Keçidlər