Şriftin ölçüsü :

Saytın rəngi :

Tarix

 
   XX yüzilliyin sonunda yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.
   Tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Azərbaycan xalqı öz torpaqlarında zəngin və çoxşaxəli mədəniyyətlə yanaşı dövlətçilik ənənələri də yaratmışdır.
 Xalqımızın ulu babalarının yaşadığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi regionuna daxil idi. Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.
  Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.
  Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməklə e. ə. IV minilliyin sonu - III minillikdə təşəkkül tapmış Kür-Araz mədəniyyəti Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da yayılmışdı.
  Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları azərbaycanlıların dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.
  Azərbaycanlılar həm də dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.
  Aratta – Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu olmuşdur. Arattanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.
Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər (Qutilər haqqında ilk yazılı məlumat miladdan əvvəl XXIII əsrə aiddir) hətta özlərinin qüdrətli qonşuları olan Akkad dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkad və Şumerin dövlət idarəçiliyi qaydalarından faydalandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.
   Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazisində yeni, daha kamil dövlətlər yaranmışdır. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Onlar Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
  Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I minilliyin əvvəllərində meydana gələn Manna dövləti təkcə Azərbaycanın deyil, eləcə də dünyanın dövlətçilik mədəniyyəti tarixində mühüm yer tutur. Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam etmiş və qüdrətli qonşularının aramsız hücumlarına duruş gətirmiş Manna Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.
  Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin iskitlərlə eyni kökdən olan saklar və massagetlər mühüm rol oynamağa başladılar. "Tarixin atası" Herodotun (e. ə. V əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir.
  İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli təcavüzlərdən uğurla müdafiə etmişdilər. Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran-Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının təklifini rədd etmiş, Günəş allahına and içərək özündən qat-qat güclü olan yadelli qoşunlarını e. ə. 530-cu ildə darmadağın etmişdi. "Məğlubedilməz", "Böyük Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biridir.
  Nə Əhəməni-İran imperiyasının uzun sürən işğal rejimi, nə də Makedoniyalı İsgəndərin yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyətini məhv edə bilmədi. Makedoniyalı İsgəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu iki yerli dövlətin tərkibində cəmləşdi.
  Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya, Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi hövzələri ölkələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə dövlətin öz pulları mühüm rol oynayırdı.
Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə yanaşı, hüquq normalarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət idarəçiliyi qaydaları daha da təkmilləşirdi.
Atropatena Parfiya və Selevki dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi, ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək darmadağın etdi. Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e. ə. 27 - eramızın 14-cü ili) diplomatik danışıqlar aparmışdılar.
  Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından başlayaraq şərqə doğru Xəzər dənizinədək uzanıb gedən Azərbaycan torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.
Bu dövrdə elmi ədəbiyyatda alban əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı. Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı. Aya, Göyə, Günəşə sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi dini cəhətdən birbaşa Romaya tabe idi.
  Öz dövrü üçün möhkəm və mükəmməl dövlət idarəçiliyi sisteminə malik olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.
   Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün sərkərdəlik məharəti və döyüş şücaəti ilə ölkənin müstəqilliyini qoruyub saxlaya bilmişdi.
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu iran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi.
  Lakin bütün bunlar Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş verdi.
  VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri baş verdi. Ölkədə dini birliyin yaranması bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, əlaqələrin genişlənməsinə səbəb oldu.
  Bununla belə, Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan müsəlman əhali; bir də, azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian albanlar. Zaman keçdikcə Qərbi Azərbaycanın, o cümlədən Qarabağın dağlıq bölgələrinin pravoslav xristian əhalisi qriqorianlaşdırılmağa başladı.
  Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi.
  Ərəb xilafətinin süqutu və Azərbaycan dövlətçiliyinin dirçəlişi ilə bir zamanda Azərbaycan dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. Bu, Azərbaycanın gələcək inkişafına güclü təkan verə biləcək tarixi nailiyyət idi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və vahid Azərbaycan xalqının formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi.
  Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi. Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan "Kitabi-Dədə Qorqud" dastanları, demək olar ki, bütün Azərbaycan torpaqlarında yayıldı. Beləliklə, 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin (Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər) yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.
  XI əsrin ortalarında Yaxın və Orta Şərqin tarixində mühüm bir hadisə baş verdi. Həmin dövrdə Böyük Səlcuq İmperiyası (1037-1157) yaranadı. Azərbaycan Orta Asiyadan Aralıq dənizi sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən Böyük Səlcuq imperatorluğunun tərkibinə daxil edildi.
 Səlcuq dövrü Azərbaycanın tarixi müqəddəratında həlledici rol oynadı. Sultan Alp Arslan Malazgird vuruşmasında (26 avqust 1071-ci il) Bizans imperiyasının hərbi qüvvələrini darmadağın edərək qəti qələbə çaldı. Beləliklə, müxtəlif tarixi dövrlərdə (həm eramızdan əvvəl, həm də sonra) soykökündə, başlıca olaraq, iskit (skit, skif), sak, massaget, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar, habelə başqa türk və qeyri-türk etnoslarının iştirak etdiyi və oğuz türklərinin (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynadığı Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan dili bütün Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində başlıca ünsiyyət vasitəsi oldu. Sadə və anlaşıqlı Azərbaycan dili məhdud dairədə fəaliyyət göstərən dilləri, həmçinin ərəb və fars dillərini sıxışdıraraq bütün ölkə miqyasında canlı ümumxalq dilinə çevrildi. El sənətkarlarının - ozanların (aşıqların) oba-oba, oymaq-oymaq gəzib yaydıqları şifahi xalq yaradıcılığı nümunələri, çox keçmədən, hamının başa düşdüyü doğma Azərbaycan dilində nadir ədəbi incilərin meydana gəlməsi üçün zəmin yaratdı.
 Böyük Səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən Şirvanşahlar və Eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində və daha da yüksəlişində mühüm rol oynadılar.
  Yaxın və Orta Şərqin ən qüdrətli dövlətinə çevrilən Azərbaycan Eldənizlər dövləti Azərbaycan xalqının etnik-siyasi tarixində xüsusilə böyük rol oynadı. Eldənizlərin hakimiyyəti dövründə bütün Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində güclü yüksəlişə səbəb oldu. Azərbaycan intibahı özünün Xaqani, Nizami, Əcəmi zirvəsinə ucaldı. Görkəmli dövlət xadimləri Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan Azərbaycanın dövlət idarəçiliyi tarixinə parlaq səhifələr yazdılar.
  XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, ölkəmizin və xalqımızın hərbi-siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin daha da inkişaf etməsinə əlverişli şərait yaradırdı. Bəhs olunan dövrdə Azərbaycan dövlətləri Yaxın və Orta Şərqin beynəlxalq münasibətlərində, hərbi-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, Avropa-Şərq münasibətlərində də çox fəal iştirak edirdilər.
  Azərbaycanın böyük dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu dövləti bütün  Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı. O, dövrün ən qabaqcıl alimlərini öz sarayına toplamışdı. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Böyük hökmdar Qurani-Kərimi azərbaycancaya çevirtdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı oğuznamə yazdırmışdı. Uzun Həsən dövründə Azərbaycan elçiləri Venesiya Respublikası, Papalıq, Neapol krallığı, Albaniya, Macarıstan, Polşa, Almaniya, Burqundiya hersoqluğu, Kipr, Rodos, Trabzon imperatorluğu, Böyük Moskva knyazlığı ilə, həmçinin bir çox qonşu Şərq ölkələri hökmdarlarının saraylarında diplomatik danışıqlar aparmışdılar. Xarici ölkələrlə aparılan danışıqlarda Uzun Həsənin anası - o zaman bütün Şərqdə yeganə qadın diplomat olan Sara Xatun mühüm rol oynayırdı. Təbrizdə - Uzun Həsən sarayında Venesiya Respublikasının daimi səfirliyi fəaliyyət göstərirdi. Azərbaycan Şərqlə Qərb üçün ümumi maraq doğuran beynəlxalq problemlərin həllində mühüm rol oynayırdı.
  XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi, görkəmli dövlət xadimi Şah İsmayıl Xətai bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi. Azərbaycan dili dövlət dilinə çevrildi. Şah İsmayıl, Şah Təhmasib, Şah Abbas və digər Səfəvi hökmdarlarının həyata keçirdikləri uğurlu islahatlar, daxili və xarici siyasət nəticəsində Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli imperiyalarından birinə çevrildi. Ağqoyunluların xarici siyasət xəttini davam etdirən Səfəvilərin hakimiyyəti dövründə də Azərbaycan Qara dəniz və Aralıq dənizi hövzəsi ölkələrindən başlamış uzaq İngiltərə və Skandinaviyaya qədər bir çox Avropa dövlətləri ilə diplomatik əlaqə saxlayırdı. Azərbaycan hökmdarlarının saraylarında çoxsaylı Qərb diplomatları Səfəvi dövləti ilə sıx qarşılıqlı əlaqələr yaratmaq üçün danışıqlar aparmışdılar. Azərbaycan Ağqoyunlular dövründə olduğu kimi, Səfəvilərin hakimiyyəti zamanında da Şərqlə Qərb arasındakı qarşılıqlı əlaqələrdə mühüm rol oynamaqda davam edirdi.
  Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi. Bu böyük hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi. Lakin onun bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.
  Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı. Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı. Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara və sultanlıqlara parçalandı. Ölkənin hərbi-siyasi tənəzzül dövrü başlandı. Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə çalışsalar da, bu, heç bir nəticə vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.
  XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər. Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət Nadir şahın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İran şahlığına qatıldı və Azərbaycan xalqının soyqırımına məruz qoyulması siyasətinə start verildi.
  Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü. 1828-1829-cu illərdə imzalanmış Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra qısa müddətdə İran və Türkiyədən üst-üstə 200 minədək Qafqazın yerli etnosu olmayan hay gətirildi və əzəli Azərbaycan torpaqlarında – Qarabağ, İrəvan, Naxçıvan xanlıqlarında zorla məskunlaşdırıldı. Bunu çar məmuru N.N.Şavrov da təsdiq edir: «Nəzərdən qaçırmaq olmaz ki, rəsmi şəkildə köçürülən 124000 ermənidən başqa qeyri-rəsmi köçənləri də nəzərə alsaq, köçürülənlərin sayı 200000 nəfəri adlayır».
  Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə 1829-cu il martın 21-də "Erməni vilayəti" yaradıldı. Bununla Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu və toponimlərin də erməniləşdirilməsi, yəni mənəvi-mədəni soyqırımı üçün də zəmin yaradıldı. İ.Şopenin siyahıyıalmasına görə «Erməni vilayəti»ndə müharibə nəticəsində 359 azərbaycanlı kəndi xaraba qalmış, əhalisi didərgin düşmüşdü. Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil pravoslav Alban kilsəsini ləğv etdi və onu qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına daha əlverişli şərait yaradıldı, ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu. Rusiyadan Azərbaycana xristian əhalisinin köçürülməsinə də diqqət artırıldı. Məqsəd Cənubi Qafqazda, xüsusən Azərbaycanda xristian amilinin rolunun gücləndirilməsindən ibarət idi.
  1849-cu ildə İrəvan quberniyasının yaradılması ilə xalqımıza qarşı mənəvi və fiziki soyqırımı, terror daha da gücləndi. N.Şavrov 1911-ci ildə yazırdı ki, hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisinə məxsus deyil, buraya çarizm tərəfindən köçürülmüşlər.” Qeyd edək ki, heç o 300 min də yerli erməni deyildi, zorla qriqorianlaşdırılmış albanlar idi. Məşhur rus tarixçisi V.L.Veliçko yazırdı: "Səhvən erməni adlandırılan, əslində isə erməni-qriqorian təriqəti zorla qəbul etdirilən və yalnız üç-dörd əsr əvvəl erməniləşmə prosesinə qədəm qoyan əhali müstəsnalıq təşkil edirdi". Bunu erməni müəllif B.İşxanyan da təsdiq edir: "Dağlıq Qarabağda məskunlaşmış ermənilərin bir qismi yerli olub qədim Alban xalqının nəsilləri, bir qismi isə Türkiyə və İrandan qaçmış və Azərbaycan torpaqlarında təqib və təzyiqlərdən sığınacaq tapmış erməni əhalisidir".
  Soyqırımı siyasəti ilə boşaldılan ərazilərə slavyan mənşəli əhalinin gətirilməsi də davam edirdi. 1905-ci ildə Muğana köçürülmüş ruslara 44 min desyatin torpaq ayrılmışdı. 1909-cu ildə Kiyev quberniyasından Quba qəzasına 2 min kəndli köçürülmüşdü. 1912-ci ildə Bakı quberniyasında 60, Gəncə quberniyasında isə 29 rus kəndi salınmışdı. 1903-cü ildən başlayaraq Bakı neft mədənlərində neft quyuları yandırılmağa başlandı. Üç ilə milyonlarla ton neft yandırıldı, 3000-dək buruq məhv edildi, insanlar aclıq, səfalət, ölümə məhkum olundular. 1905-ci ildən iqtisadi terror ermənilərin əli ilə soyqırımına çevrildi. Ümumilikdə 1905-1907-ci illərdə 300-dən çox azərbaycanlı kəndi dağıdılmış, 100 minə qədər soydaşımız vəhşicəsinə öldürülmüşdü. I Dünya müharibəsi illərində soyqırım davam etmiş, Azərbaycanın cənubunda 150 min, tarixən azəri türklərinin yaşadıqları Şərqi Anadoluda 200 min soydaşımız qaniçən ermənilərin vəhşi cinayətlərinin qurbanı olmuşdu.
   Azərbaycanın cənub torpaqlarında da eyni cür siyasət həyata keçirilirdi. Çox çəkmədən, müstəqil yaşamaq ənənələrinə malik olan Azərbaycan xalqının həm şimalda, həm də cənubda azadlıq mübarizəsi gücləndi. Nəticədə, əvvəllər Azərbaycana yiyələnmək üstündə öz aralarında qanlı müharibələr aparmış Rusiya və İran dövlətləri Azərbaycan xalqının azadlıq mübarizəsinə qarşı və ölkəmizin yenidən birləşməsinə yol verməmək məqsədilə bir-birinin etibarlı müttəfiqinə çevrildilər. Bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Rusiya ağalığına və Qacarlar İranının şahlıq rejiminə qarşı istiqlal mücadiləsini dayandırmadı, özünün müstəqil dövlətini yaratmaq üçün dəfələrlə üsyan qaldırdı, ölüm-dirim savaşına qalxdı.
  Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan çar Rusiyası Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli, qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən "təmizləmək", bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna - Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Ən dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Bir sözlə, Azərbaycan çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.
XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H. Z. Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar. Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər.
  Birinci dünya müharibəsi dövründə Azərbaycan xalqı həm şimalda, həm də cənubda öz milli dövlətçilik ənənələrini dirçəltmək üçün zəmin yaratdı. 1917-ci ildə Rusiyada çarizmi bolşevizm əvəz etsə də soyqırımı siyasətinin mahiyyəti dəyişmədi. Lenin daşnak Şaumyana 5000 tüfəng göndərdi. Ona görə ki, Ərzincan müqaviləsinə görə rus-türk cəbhəsindən qayıdan məhz 5000 tərkisilah edilmiş erməni əsgəri bu zaman Bakıda yerləşdirilmişdi! Nəticədə 1918-ci ilin Novruz bayramı günlərindən azərbaycanlıların qətliamı başlandı və ölkənin dörd bir tərəfində 700 min soydaşımız soyqırıma məruz qaldı. Tanınmış ABŞ alimi Castin Makkartni Azərbaycanın erməniləşdirilməsi haqda yazır: «1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirilmişdir.” Amerikalı alimin göstərdiyi rəqəmlərə görə, 1828-1920-ci illər arasında  Azərbaycana 560000 erməni köçürülmüşdür.
 1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının (faktiki olaraq Zaqafqaziya Müsəlman Parlamentinin) üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanda ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi və   Azərbaycanın İSTİQLAL BƏYANNAMƏSİ qəbul edildi. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
  Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti hökumətinin tərkibini də təsdiq etdi.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S. Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik güruhu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını - soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Məqsəd xalqımızı bu torpaqlardan birdəfəlik silmək olduğundan Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İğdır və Üçkilsə qəzalarında 60, Göyçə quberniyasında 22, Sürməli qəzasında 96, Yeni Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kənd yerlə-yeksan olunaraq məhv edilmiş, tayqulaq Andronikin quldur dəstələri təkcə Naxçıvanda 80-dən çox yaşayış məntəqəsini viran qoymuşdular. Məhz belə bir tarixi şəraitdə       1918-ci il iyunun 16-da Milli Şura və hökumət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü.
  İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. İyul ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Komissiya Birinci dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırımı (o cümlədən Mart soyqırımı) vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını ələ keçirdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən - "Sentrokaspi diktaturası”ndan təmizləndi.
  1918-ci il sentyabrın 17-də F. Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu.
  Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M. Ə. Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında Azərbaycan parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycanın əhalisi yalnız azərbaycanlılardan ibarət olmadığı üçün Azərbaycan Milli Şurasında qeyri-millətlər də təmsil olunmalıdır, daha doğrusu Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının tərkibi ölkə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün, parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.
  Göründüyü kimi, 1918-ci ilin Mart soyqırımından hələ vur-tut yarım il keçməsinə baxmayaraq Azərbaycan parlamentində 21 nəfər erməni nümayəndəsinin iştirakına yol açılırdı. O zamankı tarixi şəraitdə atılan bu addım Azərbaycan xalqının demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübutdur.
  1918-ci il dekabrın 7-də saat 13.00-da H. Z. Tağıyevin qızlar məktəbinin binasında (hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu bütün Müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə geniş təbrik nitqi söylədi.  Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Paris sülh konfransına yola düşmüş Ə. Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə H. Ağayev rəhbərlik etdi. Parlamentin ilk iclasındaca F. Xoyski hökumətinin istefası qəbul edildi və yeni hökumətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən F. Xoyskiyə tapşırıldı.
  Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan Cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin və xalq maarifinin, səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş apardı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə. M. Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə. M. Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən1920-ci il yanvarın 11-də de-fakto tanınmasına nail oldu.
  Göründüyü kimi, Azərbaycan Demokratik Respublikasının Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata keçirmiş, müstəqil Azərbaycan dövlətinin formalaşıb möhkəmlənməsi üçün misilsiz işlər görmüşdür. İqtisadi, siyasi-ictimai və sosial münasibətlər sahələrində vətəndaşların hüquqlarının təmin edilməsinə yönəldilmiş qərar və tədbirlərin tərkibində əhalinin vicdan azadlığı məsələləri xüsusi yer tuturdu. Azərbaycan Demokratik Respublikası hökuməti və parlamenti vicdan azadlığı haqqında ayrıca dekret və ya qərar qəbul etməyə imkan tapmasa da, onun bu problemə ən demokratik mövqeyi aydın idi. Azərbaycan Demokratik Respublikasının uğurları və faciələri, tarixi dərsləri, dini etiqad və vicdan azadlığı sahəsində təcrübəsi bu günümüz üçün çox maraqlıdır.
  1920-ci il aprelin 27-də Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşdı və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edildi. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini yerinə yetirmədi.
  Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qızıl Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
  Cənubi Azərbaycanda isə müstəqil və demokratik Azadıstan dövləti ("Azadıstan məmləkəti") quruldu (1920). Şeyx Məhəmməd Xiyabani Azadıstan Milli hökumətinin başçısı oldu. Beləliklə, Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi, müstəqil yaşamağa layiq və qadir xalq olduğunu bir daha sübuta yetirdi.
  Qeyd edək ki, sovet hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyi müstəqillik baxımından da həmişə eyni vəziyyətdə olmamış, ayrı-ayrı illərdə öz məzmun və formasına görə bir-birindən əsaslı surətdə fərqlənmişdir. Yəni 1920-1922-ci illərdə Sovet Rusiyası ordusu tərəfindən işğal edilən Azərbaycanın artıq beynəlxalq birlik tərəfindən de-fakto olaraq tanınmış müstəqilliyi ilk növbədə Rusiyanın milli mənafeləri üçün faydalı olduğuna görə qismən qorunub saxlanmışdı. Bu illərdə Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmış, respublikamızın paytaxtında xarici ölkələrin nümayəndəlikləri, o cümlədən Rusiyanın konsulluğu fəaliyyət göstərmişdi. Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində aparılan işlər, 1921-ci ilin mayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbul edilməsi, Moskva (1921) və Qars (1921) müqavilələri, Genuya konfransı (1922) Azərbaycanın bu illərdə yeritdiyi uğurlu daxili və xarici siyasətin təzahürləri sırasında sayıla bilər. 1920-ci ilin 1-7 sentyabr günlərində Bakıda 37 ölkədən gəlmiş nümayəndələrin iştirakı ilə öz işini davam etdirən Şərq xalqlarının birinci qurultayı həm də Azərbaycanın müstəqilliyinə ehtiramın nümayişi idi.
  1922-ci ilin martında Cənubi Qafqazın üç respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) vahid dövlətdə - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqında (ZSSRFİ) birləşdirilməsinə nail olduqdan və bununla da Azərbaycanın müstəqilliyinə ağır zərbə endirildikdən sonra belə Rusiya, Sovet hökuməti bununla kifayətlənməyərək hətta vahid sovet ittifaq dövləti tərkibində də Azərbaycanın müstəqilliyinin az-çox saxlandığından narahat olub bu dəfə onu tamamilə ləğv etmək üçün qondarma "beynəlmiləlçilik" bayrağı altında daha məkrli yollar axtardı.
  Nəhəng sovet təbliğat maşınının 9 aylıq gərgin fəaliyyətindən sonra 1922-ci il dekabrın 10-da Bakıda keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) ilə əvəz etmək haqqında qərar qəbul edildi. Vahid qanunvericilik, icra orqanları olan bu dövlətin yaradılması ilə Azərbaycanın dövlət müstəqilliyinə bu dəfə daha sarsıdıcı zərbə endirildi. 1922-ci il dekabrın 30-da SSRİ-nin yaranması isə Azərbaycanın müstəqilliyinə son qoydu. O, SSRİ-nin atributlarına uyğunlaşdırılan bir sıra dövlət atributlarını - bayraq, gerb, himn və konstitusiyasını qoruyub saxlasa da, bir çox sahələrdə özünün beynəlxalq hüququn subyekti olmaq statusunu itirdi. Ulu öndər Heydər Əliyev yazırdı: "20-30-cu illərin repressiyaları on minlərlə insanın həyatını məhv etmişdir. On minlərlə azərbaycanlı yurdlarından uzaq yerlərə sürgün olunmuşdur. Onların hüquqları pozulmuş, var-yoxları əllərindən alınmış, Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni və mənəvi irsə böyük zərbələr vurulmuşdur". Repressiya illərində təkcə güllələnənlərin sayı 50 min nəfərdən çox olmuş, 100 min nəfərdən artıq insan Sibirə və Qazaxıstana sürgün edilmişdi. Azərbaycan SSR azərbaycanlı əhalinin iradəsinin əleyhinə olaraq DQMV-nin (1923) və Naxçıvan MSSR-in təşkil edilmiş (1924), 1921-1929-cu illərdə Azərbaycan SSR-in Zəngəzur, Dərələyəz və digər ümumi sahəsi 19,8 min. km2 olan torpaqların Sovet Rusiyasının təzyiqi ilə Ermənistan SSR-ə, o cümlədən respublikanın şimal-qərb ərazilərinin böyük bir qisminin Gürcüstan SSR tərkibinə verilmişdi. 1937-ci ildə 100 min nəfər etaplarla sürgün olundu, 3 min kəndli məhv edildi, 29 min adam güllələndi və ya katorqa işlərində öldü.
  Bununla yanaşı, 20-30-cu illərdə Azərbaycan xalqının qəhrəman əməyi ilə neft sənayesində böyük yüksəliş əldə edilmiş, sənayenin yeni sahələri əmələ gəlmiş, elektrik stansiyaları tikilmiş, suvarma kanalları çəkilmiş, kənd təsərrüfatı dirçəldilmişdi.  İkinci dünya müharibəsi ərəfəsində Azərbaycanda 4 mindən çox ibtidai və orta məktəb, 16 ali məktəb var idi. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. 1940-cı ildə ölkədə 18 teatr fəaliyyət göstərirdi.
İkinci dünya müharibəsində faşizm taununa qarşı mübarizə Azərbaycan xalqını da ciddi sınaqlar qarşısında qoydu. Xalqımız bu müharibədə həm döyüş meydanlarında, həm də, "arxa cəbhə"də əsl şücaət və qəhrəmanlıq nümunələri göstərdi. Müharibə başlanandan keçən qısa müddətdə respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 1941-1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getmiş, bunlardan 350 min nəfərə yaxını döyüşlərdə həlak olmuşdur. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdilər. Azərbaycandan 130-a qədər adam Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər azərbaycanlı döyüşçü Şöhrət ordeninin hər üç dərəcəsinə layiq görüldü. 170 mindən çox azərbaycanlı əsgər və zabit SSRİ-nin orden və medalları ilə təltif edildi. Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanov isə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
  1941- 1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş siyasi proseslər, milli-azadlıq hərəkatı, Milli hökumətin fəaliyyəti və onun İran, ABŞ, İngiltərə və keçmiş SSRİ dövlətlərinin birgə cinayətkar səyləri nəticəsində boğulması milli tariximizin ən önəmli məsələlərindən sayılır. 1941-1945-ci illər müharibəsində azərbaycanlıların Avropa müqavimət və partizan hərəkatında iştirakı, Əhmədiyyə Cəbrayılov və Mehdi Hüseynzadənin timsalında onların göstərdikləri əvəzsiz qəhrəmanlıqlar Azərbaycan xalqının milli qürur mənbəyidir.
  O illərdə Respublikanın iqtisadiyyatı hərbi qaydada yenidən quruldu. Bakı döyüşən ordunun mühüm cəbbəxanalarından birinə çevrildi. Artıq 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat istehsal edilirdi. Müharibənin törətdiyi böyük çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışır, həm cəbhəni, həm də iqtisadiyyatın bütün sahələrini yanacaqla təmin edirdilər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini istehsalının yeni texnologiyası hazırlandı, Azərbaycanda yüksək oktanlı benzin istehsalına başlandı. Elə 1941-ci ildə neftçilərimizin fədakar və gərgin səyləri nəticəsində Azərbaycanın bütün tarixində ən böyük həcmdə - 23,5 milyon ton neft hasil olundu ki, bu da İttifaqda çıxarılmış neftin 71,4 faizini təşkil edirdi. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları verdilər ki, bu da faşizm üzərində qələbənin əldə edilməsində həlledici amillərdən biri oldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 1941-1945-ci illərdə hər beş təyyarə, tank və avtomaşından dördü Bakı neft emalı zavodlarında istehsal olunmuş yanacaqla işləyirdi.
Müharibədən sonrakı illərdə respublikamız iqtisadiyyat və mədəniyyətin inkişafında uğurlu addımlar ataraq artıq 1948-ci ildə sənaye sahəsində müharibədən əvvəlki səviyyəni ötmüş, 1960-cı ildə isə 1940-cı ildəki səviyyəni 2,8 dəfə üstələyən məhsul buraxılışına nail olmuşdu. Kənd təsərrüfatının məcmu məhsulu bu illərdə 2 dəfə, dəmiryol nəqliyyatının yük daşımaları 2,9 dəfə, bütün maliyyələşdirmə mənbələri üzrə kapital qoyuluşu 3,8 dəfə artmışdı. Azərbaycan əməkçiləri Rusiya Federasiyasının, eləcə də SSRİ-nin digər respublikalarının iqtisadiyyatının bərpa olunması və inkişafı işində fəal iştirak edirdi. Respublikamızın alim və mütəxəssisləri Qafqazda, Tatarıstan, və Başqırdıstanda, Qazaxıstanda və Türkmənistanda, Qərbi Sibirin Tümen vilayətində iri neft yataqlarının kəşf olunmasına və istehsalına əvəzsiz töhfələr vermişdilər. Keçmiş SSRİ-nin yeni yaranan neft rayonlarının "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" adlandırılması bu deyilənlərə əyani sübutdur.
  Bütün bu müvəffəqiyyətlərlə yanaşı, qeyd olunmalıdır ki, 1948-1953-cü illərdə  Qərbi Azərbaycandakı ata-baba yurdlarından deportasiya olunmuş və qəsdən dağlıq ərazilərdən susuz düzənliklərə köçürülmüş 144654 soydaşımız bilərəkdən məhvə məhkum edilmişdilər. Eyni zamanda 60-cı illərdə respublika iqtisadiyyatının inkişafında mənfi meyllər də özünü göstərməyə başlamışdı. Azərbaycan milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə görə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geri qalırdı. 1965-ci ildə 1940-cı ilə nisbətən respublikada məcmu ictimai məhsul yalnız 3,6 dəfə, sənaye məhsullarının həcmi 4 dəfə artmışdı, halbuki ölkə üzrə bu göstəricilər müvafiq surətdə 5,7 və 7,9 dəfəyə çatırdı. Azərbaycan milli gəlirin həcminə görə ümumittifaq səviyyəsindən 2 dəfə, əsas fondlara görə 1,8 dəfə, kapital qoyuluşu üzrə 1,7 dəfə, əmək məhsuldarlığına görə 1,5 dəfə geri qalırdı. Kənd təsərrüfatında aqrotexniki qaydaların pozulması üzündən taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa bitkilərin məhsuldarlığı aşağı düşmüşdü. İstehsal qüvvələrinin yerləşdirilməsi işində kobud yanlışlıqlara yol verildiyindən iri obyekt və müəssisələrin əksəriyyəti Bakı, Sumqayıt şəhərlərində tikilirdi ki, bu da orta və kiçik şəhərlərin əmək ehtiyatlarından səmərəli istifadə olunması imkanlarını azaldır, ölkə əhalisinin paytaxta axınına səbəb olur və burada yaşayış evləri və sosial obyektlərlə əlaqədar artıq mövcud olan problemləri daha da mürəkkəbləşdirirdi. Beləliklə, iqtisadiyyatdakı çatışmazlıqlar sosial sahədə, əməkçilərin maddi rifah halının yaxşılaşdırılması işindəki problemlərinin həllinə mənfi təsir göstərirdi.
  60-cı illərdə respublika iqtisadiyyatının bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoyduğu bir şəraitdə yaranmış ağır vəziyyətdən çıxış yolu tapılması tələb olunurdu. Məhz ölkə üçün belə çətin bir dövrdə xalqımızın böyük oğlu, o vaxtkı sovet rəhbərliyi ilə müqayisədə nisbətən cavan - 46 yaşlı Heydər Əliyevin 1969-cu il iyulun 14-də respublika rəhbərliyinə gəlməsi Azərbaycanın qarşısında duran bir çox taleyüklü suallara aydın cavablar tapılması və onların ardıcıllıqla həll edilməsi baxımından tarixi bir hadisə oldu. Azərbaycan tarixinin 1969-cu il iyulun 14-dən sonrakı dövrünün əhatəli təhlili və qiymətləndirilməsi bir daha təsdiq edir ki, bu hadisə tənəzzül içində olan Azərbaycanın tərəqqiyə dönüşü, cəmiyyətin keyfiyyətcə irəliyə, milli özünüdərkə, milli özünəqayıdışına dönüşü mərhələsinin başlanğıcı olmuşdur. 1969-cu il iyulun 14-də xalqın ümummilli lideri Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə Azərbaycan tarixinin yeni erası - soyqırımı siyasətinə ciddi müqavimət erası başlandı. Ulu öndər millətin mənəvi-maddi yüksəlişi ilə yanaşı torpaqlarımızın zəbt edilməsinə də son qoydu.  Dahi siyasətçi vurğulayırdı: - “1969-cu il iyulun 14-dən 1982-ci il dekabrın 3-nə kimi Azərbaycan KP MK-nın Birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib. Bu faktdır.”
 Heydər Əliyevin hakimiyyətə gəlişi ilə qısa müddətdə əhatəli inkişaf konsepsiyası hazırlanmış, respublikada ənənəvi təsərrüfat sahələrinin şöhrətini və səmərəliliyini bərpa etməklə yanaşı, yeni-yeni istehsal istiqamətlərinin yaradılması yolunda çoxşaxəli fəaliyyətin əsası qoyulmuş, respublikada iqtisadiyyatın sənaye bazasının genişləndirilməsi və müasirləşdirilməsi xətti yeridilməyə başlanmışdı ki, bunun da nəticəsində bir tərəfdən Azərbaycanın iqtisadi potensialı qat-qat güclənmiş, digər tərəfdən isə respublikanın əvvəlcədən formalaşmış xammal bazası yönümü dəyişdirilmişdi.
  70-ci illərdə və 80-ci illərin əvvəllərində yaradılmış çoxsaylı sənaye müəssisələri, həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu köklü surətdə dəyişdirdi, onun aqrar yönümlü respublikadan daha çox sənaye yönümlü respublikaya çevrilməsinə zəmin hazırladı. Bakıda, Azərbaycanın digər şəhərlərində və rayon mərkəzlərində çoxlu sənaye istehsalı sahələri yarandı.
  Ölkənin iqtisadi həyatında mühüm rol oynayan Bakı kondisionerləri zavodu, "Ozon" Elmi-İstehsalat Birliyi, Elektron Hesablayıcı maşınlar zavodu, Dərin özüllər zavodu, Azərbaycan DRES-i, Sumqayıt Kompressor zavodu, üst trikotaj fabriki, Bakı tikiş və ayaqqabı fabriki, Gəncə əlvan metallar emalı zavodu, Naxçıvan şüşə qablar zavodu, Əli-Bayramlı məişət cihazları zavodu və s. yüzlərlə digər iri sənaye obyektləri 70-ci illərin Heydər Əliyev iqtisadi siyasətinin diqqətəlayiq bəhrələridir. Bu siyasətin nəticə miqyasını dərk etmək üçün aşağıdakı rəqəmlərə diqqət yetirmək kifayətdir: əgər 1970-ci ilə qədər Azərbaycanda cəmi 233 iri və orta sənaye müəssisəsi fəaliyyət göstərirdisə, təkcə 1970 - 1980-ci illərin ikinci yarısında 213 iri və orta sənaye müəssisəsi inşa edilərək istifadəyə verilmişdi.
  Bu illər ərzində milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı. Respublikada sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı iki dəfə, xalq istehlakı mallarının istehsalı isə üç dəfə artmışdı. Həmin 14 ildə istehsal olunmuş sənaye məhsulları öz həcminə görə, əvvəlki 50 ildəkinə bərabər olmuşdu. Kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, bu sahədə məhsuldarlıq, o cümlədən əmək məhsuldarlığı iki dəfədən artıq çoxalmışdı.
  Həmin illərdə xalq təsərrüfatının inkişafına 21,3 milyard rubl vəsait cəlb olunmuşdu ki, bu da əvvəlki əlli illə müqayisədə 1,5 dəfədən də artıq idi. İki milyondan çox adam öz yaşayış şəraitini yaxşılaşdırmışdı.
Göstərilən illərdə respublikamız üçün gərəkli yüksək ixtisaslı kadrlar hazırlığına böyük əhəmiyyət verilmiş, bu sahəyə olan ehtiyacı ödəmək üçün Azərbaycanın daxilində hazırlanan ali təhsilli mütəxəssislərlə yanaşı, Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı ali elm və təhsil ocağına 3500 azərbaycanlı oğlan və qız göndərilmiş, gənc azərbaycanlı oğlanların ali hərbi məktəblərə cəlb olunması işinə xüsusi diqqət yetirilmişdi. Bütün bunlar Azərbaycanın gələcək inkişafı üçün qüdrətli kadr potensialının formalaşmasına böyük təsir göstərmişdi. Bir sözlə, 70-80-ci illərdə bütün zəruri işlər görülmüşdü ki, gələcəkdə müstəqillik şəraitində Azərbaycan özünü təmin etməyə qadir olsun. Təsadüfi deyildi ki, SSRİ dövlətinin dağılması ərəfəsində aparılan təhlillər göstərmişdi ki, keçmiş SSRİ-də yalnız iki respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər: Rusiya Federasiyası və Azərbaycan. Azərbaycanın sovet dövründə inkişafının ən bariz nəticəsi elə bu olmuşdu ki, həmin dövrdə, xüsusən 1969-1982-ci illərdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdı.
  70-ci illərin axırları, 80-ci illərin əvvəllərində SSRİ-də sonralar "durğunluq dövrü" adlandırılan bir dövr yaşandı. Bu dövr tənəzzül məqamlarının tərəqqi məqamlarını üstələməsi ilə səciyyələnirdi. Bütün ölkə miqyasında iqtisadiyyat inkişafdan qalmış, reqressiv proseslər başlanmışdı. "Yenidənqurma" əməliyyatı da əslində məhz bu durğunluq dövrünün nəticələrini aradan qaldırmağa yönəldilmişdi.
  1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzün başlanması da, nəinki Ermənistandakı ayrı-ayrı millətçilərin və özgə ərazisini ələ keçirməyə can atan şəxslərin əməlləri idi, həm də böyük bir siyasətin - artıq baş vermiş müsbət proseslərə maneçilik törətməyə yönəldilmiş siyasətin bir hissəsi idi" (Heydər Əliyev). Mərkəzin belə məqsədyönlü imperiya siyasəti millətlərin azadlığa çıxmaq, dövlət müstəqilliyi əldə etmək şansına qarşı yönəldilmişdi.
İctimai-iqtisadi tərəqqinin müəyyən bir mərhələsində insanların milli şüurunun istər-istəməz formalaşması, xüsusən birləşdirici amil olan kommunist ideologiyasının böhranı şəraitində imperiya üçün böyük təhlükə idi. Vahid "sovet milləti" yetişdirmək cəhdlərinin boşa çıxdığı artıq aydın idi.
   Moskva mərkəzdənqaçma qüvvəsini zəiflətmək üçün ənənəvi "parçala, hökm sür" siyasətindən daha geniş istifadə edir, milli münaqişələri qızışdırır, xalqlar arasında qanlı nifaq salırdı. Kreml mühüm coğrafi-siyasi ərazi olan Azərbaycanı və bütün Zaqafqaziyanı əldə saxlamaq üçün uydurma "Dağlıq Qarabağ problemini" qızışdırdı. Sovet imperiyasını dağıtmaq üçün milli münaqişələr törətməyi mühüm vasitə hesab edən Qərb dövlətləri də bu işdə fəal iştirak etdilər. Avropa Parlamenti 1987-ci ilin iyununda erməni "genosidi" qurbanlarına xatirə günü təsis etdi. Avantürist erməni jurnalisti daşnak Zori Balayanın Azərbaycan xalqını təhqir edən, tarixi saxtalaşdıran "Ocaq" kitabı da Azərbaycan və erməni xalqları arasında nifaq salmaqda müstəsna rol oynadı.
  1987-ci ilin oktyabrında Yerevanda "Qarabağ komitəsi" deyilən təşkilatın ilk açıq mitinqi keçirildi. Rəsmi Moskva 1987-ci ilin noyabrında Parisdə M.Qorbaçovun əshabələrindən olan A.Aqanbekyanın dili ilə Qarabağ hərəkatına müsbət münasibətini, qeyri-rəsmi olsa da, bütün dünyaya bildirməkdən çəkinmədi. Hərəkata yenə də bir qrup millətçi erməni ziyalıları arxasından kommunist-daşnaklar, Ermənistan KP liderləri, DTK agentləri rəhbərlik edirdilər. Moskvada ermənilərin "Milli müqəddəratın müstəqil təyin edilməsi birliyi" və "Siyasi məhbusların müdafiəsi üzrə erməni komitəsi" də bu istiqamətdə fəal iş aparırdılar. Sovet imperiyası tənəzzül edərkən fəallaşmış erməni millətçilərinin ilhamçısı təkcə Moskva deyildi. Erməni millətçi-sosialist Daşnaksütun partiyasının hələ 1985-ci ilin dekabrında Afinada keçirilən XXII qurultayı sərsəm "Böyük Ermənistan" uğrunda mübarizəni yenidən genişləndirmək üçün yaranmış əlverişli şəraitdən səmərəli istifadə etməyə, qüvvələri birləşdirməyə çağırmışdı. "Qarabağ Komitəsinin" Azərbaycan SSR-də, xüsusən DQMV-də uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı bu millətçi təşkilatların bilavasitə köməyi ilə "Krunk" (Durna) adı altında açıq fəal mübarizəyə başlamışdı. Dağlıq Qarabağ erməniləri arasında Ermənistanla birləşmək uğrunda "Miatsum" (birləşmə) hərəkatı genişlənirdi. Ona "55-lər komitəsi" adlı xüsusi orqan rəhbərlik edirdi.
  1987-ci il oktyabrın 25-də Heydər Əliyevin SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən uzaqlaşdırılması onlarda niyyətlərinə çatmaq ümidini artırdı. Ermənilərin hərəkətləri daha davakar, həyasız xarakter aldı. Erməni millətçilərinin tələbi ilə Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla torpaq sahəsi Ermənistana "bağışlandı". Bu, xalqda böyük narazılıq yaratdı. Respublikanın başçısı Kamran Bağırov xalqın narazılıq çıxışlarını hərbçilərin köməyi ilə susdurdu. Erməni təxribatçıları Bakıda Opera və Balet Teatrını üç dəfə yandırdılar, şəhər nəqliyyatında partlayışlar törətdilər. Bu terror aktlarının icraçıları həbs olunsa da, artıq nifaq düşmüşdü. Milli münaqişə getdikcə alovlanırdı.
   İki xalq arasında milli ədavətin ilk qurbanları bu dəfə də Ermənistanda öz dədə-baba yurdunda yaşayan Azərbaycan türkləri oldular. Azərbaycanlıların qovulması kampaniyası başlandı. Bunun üçün əvvəlcədən xüsusi silahlı dəstələr hazırlanmışdı, 1987-ci ildə Ermənistanın Qafan və Mehri rayonlarında bu cinayətkar dəstələrin əməllərindən yaxa qurtaran ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. Onlar əsasən Sumqayıt şəhərində və onun ətrafındakı məntəqələrdə məskunlaşdılar. 1988-ci il fevralın 19-da Yerevanda antitürk mövqeli mitinq keçirildi. "Ermənistanı türklərdən təmizləməli", "Ermənistanda ancaq ermənilər yaşamalıdır" və s. millətçi şüarlar irəli sürüldü. Erməni vandalları fevralın 21-də Yerevanda qalmış son məscidi də dağıtdılar. Vedibasarda Azərbaycan türklərinə qarşı terror 1988-ci ilin əvvəllərində daha da genişləndirildi. Kəndlər talan olunurdu. Qız-gəlinlər, ağsaqqallar təhqir edilirdi. Heç yerdən köməyi olmayan, döyülmüş, alçaldılmış dörd min nəfərə qədər adam ev-eşiyini atıb böyük çətinliklə, piyada, ayaqyalın-başıaçıq qarlı dağ keçidləri ilə Azərbaycana gəlməyə məcbur oldular. Bu zülm da cəzasız qaldı. DQMV-dəki erməni millətçiləri bundan ruhlanaraq daha fəal zorakılıqlar və siyasi aksiyalar təşkil etdilər. 1988-ci ilin əvvəlindən Stepanakertdə erməni əhalisi ardı-arası kəsilməyən kütləvi mitinqlər, nümayişlər keçirməyə başladı. Mitinqçilərin tələbi ilə fevralın 20-də Vilayət Sovetinin sessiyası Azərbaycan SSR Ali Sovetinə DQMV-nin statusuna baxılması haqqında müraciət qəbul etdi.
  Moskva münaqişəni daha da qızışdırırdı. Sov. İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş üzvü sərhədləri dəyişdirməyin yolverilməzliyindən danışsa da, Yerevana gedən üzvü DQMV-dəki separatçılığa haqq qazandırırdı.
  Moskvanın və Azərbaycan rəhbərliyinin respublikanın suveren hüquqlarının tapdanmasına qəti etiraz etmədiyini görən Azərbaycan xalqı böyük həyəcan içində idi. Kortəbii mitinqlər, etiraz nümayişləri olurdu. Fevralın 24-də vilayətin Əskəran rayonunda ermənilərin iki nəfər azərbaycanlını öldürməsi, 19 nəfəri isə yaralaması vəziyyəti daha da gərginləşdirdi.
  Erməni millətçiləri xarici ölkələrdə kök salmış lobbilərinin dünyanın əsas informasiya mərkəzlərinə təsir imkanlarından istifadə edib, beynəlxalq ictimaiyyəti aldatmağa, öz istilaçılıq niyyətlərinə haqq qazandırmaq üçün ermənilərin "cəfakeşliyi", azərbaycanlıların isə "vəhşi, quldur, qaniçən" olması haqqında yalan təsəvvürlər yaratmağa, xristian həmrəyliyinə nail olmağa, münaqişənin guya dini mahiyyət daşıdığını, hansısa qlobal xristian-islam qarşıdurmasının tərkib hissəsi olduğunu göstərməyə çalışırdılar. Öz qeyri-insani əməllərinə haqq qazandırmaq, habelə azərbaycanlıları gözdən salmaq məqsədi ilə ermənilər böyük sensasiya yaradacaq dəhşətli bir faciə törətməyi planlaşdırırdılar. Bunun üçün ən münasib yer Sumqayıt şəhəri hesab olunurdu. Son iki ildə, xüsusən 1988-ci ilin yanvar-fevral aylarında Ermənistandan zorla qovulmuş dörd min nəfərdən çox qaçqın buraya - qohumlarının yanına pənah gətirmişdi, milli iğtişaşa təhrikçilik üçün münasib şərait yaranmışdı.
  Sumqayıt aksiyası dəqiq plan üzrə həyata keçirildi: varlı ermənilər əmlakını, əmanət kassalarındakı pullarını götürüb şəhəri tərk etdilər. Hər an milli toqquşma baş verə biləcək şəhərdə həmin günlərdə milisə nəinki odlu silah, heç adi dəyənək də gəzdirməyə icazə verilmədi. Fevralın 28-nə keçən gecə general Karayevin komandanlığı altında şəhərə hərbi hissə gətirilmişdi. Onlar hadisələrin plan üzrə həyata keçməsinə bir növ nəzarət edir, şərait yaradırdılar. Şəhərdə vəziyyət DTK-nın tam nəzarəti altında idi. Sifarişlə törədiləcək faciəni lentə almaq, elə səhəri gün hay-küylə bütün dünyaya çatdırmaq üçün əsas cinayətlərin baş verəcəyi yerlərdə əvvəlcədən tele-foto-operatorlar yerləşdirilmişdi.
  Azərbaycanın suveren hüquqlarının tapdanmasına, Ermənistanda azərbaycanlıların soyqırımına qarşı kortəbii çıxışlar Sumqayıtda fevralın 20-dən başlanmışdı. Təhrikçi qüvvələr, cinayətkar elementlər vəziyyətdən istifadə edərək hüquq-mühafizə orqanlarının qarışmazlığı və razılığı şəraitində ehtirasları qızışdırırdılar. Fevralın 27-də böyük mitinq oldu. Səhəri gün erməni talanları başlandı. Şəhər rəhbərliyinin ordu hissələrindən istifadə edib cinayətlərin qarşısını almaq tələbi cavabsız qaldı. İlk cinayət hərəkətlərini özünü azərbaycanlı kimi qələmə verən "paşa" ləqəbli erməni təxribatçısı Eduard Qriqoryan törətdi. Təsir altına düşmüş cinayətkarlara erməni ünvanlarını Qriqoryanın özü vermişdi. Qriqoryan şəxsən beş erməni öldürmüşdü. DTK-nın və erməni millətçilərinin törətdiyi bu faciə nəticəsində şəhərdə 32 nəfər, o cümlədən 26 nəfər erməni və 6 nəfər azərbaycanlı öldürülmüş, 200 mənzil qarət olunmuş, onlarla ictimai bina, avtobus, şəxsi maşınlar yandırılmışdı. Azərbaycanlılar içərisində emosional affekt vəziyyətində cinayət törədənlər olmuşdu. Lakin erməniləri evlərində gizlədən, onları ölümdən xilas edənlər daha çox idi.
  Sumqayıt hadisələrindən sonra Ermənistanda hökumətin və "Qarabağ hərəkatı" liderlərinin mütəşəkkil surətdə təşkil etdiyi qanlı antitürk hərəkatı genişləndi. Bu işdə yaxşı silahlandırılan erməni qeyri-formal hərbi birləşmələri fəal iştirak etdilər. Martın 10-dan Yerevandan cənubda Mehmandar azərbaycanlı kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlı kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında Yerevan yaxınlığındakı Azərbaycan kəndlərinə yenidən basqın edildi. Şirazlı kəndinin 880 nəfər sakini SSRİ-Türkiyə sərhədinə qaçıb orada sığınacaq tapdılar. İyunun 20-də Ararat rayonunun daha beş Azərbaycan kəndinin 10 minə qədər sakini silahlı erməni quldurlarından yaxa qurtarıb onlara qoşuldu. Erməni faşistləri Quqark rayonunda daha dəhşətli faciələr törətdilər. 1988-ci ilin noyabrın sonu, dekabrın əvvəllərində bu rayonda 70 nəfər azərbaycanlı qətlə yetirilmişdi. Rayonun təkcə Gözəldərə kəndində 21 nəfər, o cümlədən 6 qadın və 3 körpə öldürülmüşdü. Ermənistanda Azərbaycan türklərinin genosidi hətta burada baş verən dəhşətli zəlzələdən (7 dekabr) sonra belə dayanmaq bilmədi. Nəticədə Ermənistanda bir nəfər də azərbaycanlı qalmadı. Onların son nümayəndələri - Nüvədi kəndinin əhalisi 1991-ci il avqustun 8-də bir gün içində rus əsgərlərinin köməyi ilə Ermənistandan qovuldular.
  Beləliklə, Ermənistanda azərbaycanlıların soyqırımı və deportasiyası başa çatdı. 1988-1991-ci illərdə Ermənistandakı 185 azərbaycanlı kəndindən, habelə digər yaşayış məntəqələrindən 230 min nəfərə qədər azərbaycanlı qovuldu. Onlara məxsus 31 min ev, 165 kolxoz və sovxoz əmlakı, çoxlu mal-qara talandı. 225 nəfər öldürüldü, 1154 nəfər yaralandı, yüzlərlə adama işgəncə verildi, bədən əzaları kəsildi, gözləri çıxarıldı.
  Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 mart 1988-ci il tarixli qərarı ilə "Krunk" cəmiyyəti xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətdə günahlandırılıb rəsmən qadağan edilsə də, yenə fəal iş aparırdı. İyunun 21-də DQMV xalq deputatları sovetinin sessiyası vilayətin Ermənistan SSR-ə verilməsi məsələsini azərbaycanlı deputatların iştirakı olmadan müzakirə edərək müvafiq qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin sessiyası bunun qeyri-qanuni olduğunu bildirdi. Ermənistan SSR Ali Soveti isə yenə kobudcasına Azərbaycanın daxili işlərinə qarışaraq vilayəti öz tərkibinə qəbul etmək haqqında qərar qəbul etdi.
 Xankəndində (Stepanakertdə) tətil və nümayişlər ara vermirdi. Sentyabrın 18-də ermənilər azərbaycanlıların yaşadığı Xocalı kəndinə hücum etdilər. Qanlı toqquşma oldu. Sentyabrın 21-i və oktyabrın 18-də Xankəndində azərbaycanlıların, Şuşada isə buna cavab olaraq ermənilərin evləri, avtomobilləri yandırıldı. 1988-ci il noyabrın 24-də Ermənistan ərazisindən Qubadlı rayonunun Eyvazlı, Qədirli və Davudlu sərhəd kəndlərinə hücumlar edildi. Eyvazlı kəndi tamamilə yandırıldı.
  "Vəziyyəti nizama salmaq üçün" SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycanın hüquqlarını kobud surətdə pozaraq, 1989-cu il yanvarın 12-də "Azərbaycan SSR-in DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi. Ermənipərəst faşist A.Volskinin başçılığı ilə birbaşa Moskvaya tabe olan müvəqqəti Xüsusi İdarə Komitəsi (XIK) təşkil edildi, bütün dövlət və ictimai orqanların səlahiyyətləri dayandırıldı. XİK vilayətdə qayda-qanunu bərpa etmək əvəzinə, onu Azərbaycana bağlayan əlaqələrin tam qırılmasına, azərbaycanlıların buradan qovulmasına, ermənilərin silahlanmasına və quldur dəstələrində birləşdirilməsinə şərait yaratdı. DQMV-də və onunla qonşu olan Şaumyan, Xanlar və Qasım İsmaylov (indiki Goranboy rayonunun bir hissəsi) rayonlarının ərazisində silah, sursat cəbbəxanaları yaradıldı. Ermənistandan DQMV-nin Mardakert (indiki Ağdərə) rayonundakı gizli təyyarə meydanına silah və sursat daşınırdı. Azərbaycanlılardan isə adi ov silahları da alınırdı. SSRİ Nazirlər Sovetinin 6 may 1989-cu il tarixli qərarı ilə DQMV-dəki idarə və müəssisələr Azərbaycan SSR-in tabeliyindən çıxarıldı. İyunun 13-dən XİK-in tam imkan yaratdığı şəraitdə azərbaycanlıların yaşadığı məntəqələrin blokadasına başlandı. Sovet Ordusunun köməyi ilə silahlı erməni quldurları - "saqqallılar" iyulda Xankəndindən bütün azərbaycanlıları (14 min nəfər) qovub çıxartdılar. Avqustun sonlarında isə azərbaycanlılar bir hissəsi qırıldıqdan sonra Cəmilli, Həsənabad və Daşbulaq kəndlərini tərk etməyə məcbur oldular.
  Azərbaycanın demokratik qüvvələrinin təkidli tələbi ilə SSRİ Ali Soveti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda XİK-i ləğv etdi. Vilayətin idarə olunması SSRİ Ali Sovetinin xüsusi komissiyasının nəzarəti altında Azərbaycan SSR-in təşkilat komitəsinə tapşırıldı. Lakin yenə də Mərkəz tərəfindən qəti tədbir görülməməsi erməniləri yeni təhrikçi hərəkətlərə şirnikdirirdi. Ermənistan SSR Ali Soveti dekabrın 1-də "Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında" qərar qəbul etdi. Xankəndində Ermənistan bayrağı qaldırıldı, təsərrüfat idarələri və müəssisələr Ermənistanın nazirlik və baş idarələrinə tabe edildi. Vəziyyət daha da gərginləşdi. Azərbaycanda Moskvanın siyasətinə qarşı etiraz dalğaları gücləndi.
  1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti DQMV və ətraf rayonlarda fövqəladə vəziyyət elan etdi. SSRİ Nazirlər Soveti 1990-cı il mayın 22-də Muxtar Vilayətin iqtisadiyyatını idarə etmək hüququnu yenidən Azərbaycana qaytardı. Respublika təşkilat komitəsi, hərbi komendatura, xüsusi təyinatlı milis dəstələri vilayətdəki azərbaycanlılar yaşayan kəndlərin mühasirəsini yarmağa, qanunsuz silahlı dəstələri ləğv etməyə başladı. Ermənistandan buraya silah və sursat daşınmasının qarşısını almaq üçün tədbirlər görüldü. 1990-cı ilin yanvar-iyun aylarında vilayətin 43 yaşayış məntəqəsində 67 xüsusi əməliyyat aparıldı və silahlar quldurlardan alındı.
  Lakin Ermənistandan Azərbaycan ərazisinə silahlı basqınlar edilirdi. Naxçıvan MSSR Ermənistan tərəfindən blokadaya alınmışdı. Ermənilər Azərbaycan dəmir yolunun Ermənistanın Mehri rayonu ərazisindən keçən hissəsində qatarların hərəkətinə mane olur, onları atəşə tutur, dəmiryolçuları, sərnişinləri qətlə yetirirdilər. 1990-cı ilin fevral-may aylarında erməni faşistləri Naxçıvanın Kərki kəndinə basqınlar edib 320 sakini oradan qovdu və kəndi ələ keçirdi. Bu əməliyyatlarda sovet ordusunun əsgərləri və zabitləri də iştirak edirdilər. Azərbaycan ərazisi Ermənistandan raket atəşinə tutulurdu. 1990-cı il martın 24-də gecə üç erməni hərbi hissəsi rusların köməyi ilə Qazax rayonunun Bağanıs-Ayrım kəndinə hücum etdilər. Kənd əhalisindən yeddi nəfəri, o cümlədən iki qadını və iki aylıq körpəni öldürüb yandırdılar.
Bütün bunlar hakimiyyət böhranının, Moskva canişini və onun aparatının respublikadakı hadisələrə nəzarəti tam itirməsinin təzahürü idi. Mərkəz bununla barışa bilmirdi. Yanvarın əvvəllərindən başlayaraq respublikada müxtəlif qoşun hissələri, cəza dəstələri yerləşdirildi. SSRİ müdafiə naziri Yazov gizli şəkildə Gəncəyə gəlmiş, vəziyyətlə tanış olmuş və respublika rəhbərliyinin təklifləri də nəzərə alınmaqla "Tayfun" (Tufan) adlı qanlı əməliyyat planı hazırlanmışdı.
  Ermənilərin təhrikçilik hərəkətləri, Azərbaycanın sərhəd kəndlərinə, DQMV-də azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar isə getdikcə artırdı. Yanvarın 12-də Ermənistan SSR-dən 500 nəfər silahlı quldur, 20 vertolyot Xanlar rayonunun Quşçu kəndinə hücum edib dinc əhaliyə divan tutmuş, onlarla sakini, qocaları, qadınları, uşaqları vəhşicəsinə öldürmüşdü.
  Bütün bu hadisələrə müxtəlif vasitələrlə münasib şərait yaradan Moskva öz istəyinə nail olmuşdu. Əhali Azərbaycan Xalq Cəbhəsinin 6-7 yanvar 1990-cı il tarixli konfransında yeni seçilən İdarə Heyətində üstünlük təşkil edən liberalların deyil, radikalların arxasınca gedirdi. Yanvarın 12-də radikallar Milli Müdafiə Şurası (MMŞ) təşkil etdilər. Respublikanın təhrikçi rəhbərliyi də gəncləri MMŞ-nin köməyi ilə milis hissələrinə cəlb edib, silahlanmağa, müəssisələrdə fəhlə drujinaları təşkil etməyə çağırırdı.
AXC-ni dağıtmaq, xalq hərəkatını boğmaq üçün ən münasib vaxt yetişmişdi. Həmin dövrdə Bakıda milli azadlıq hərəkatı, kommunist rejiminə və imperiya əleyhinə çıxışlar dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanırdı ki, bu da Kremlə öz məkrli siyasətini həyata keçirməkdə mane olurdu. Xalq hərəkatının imicini aşağı salmaq, reputasiyasına xələl gətirmək lazım idi. Buna görə də Sumqayıt ssenarisinə bənzər bir ssenari hazırlanmışdı.
  Beləliklə Azərbaycanda milli-azadlıq hərəkatını boğmaq məqsədilə Sovet Ordusunun Bakıya hərbi təcavüzü baş verdi və 20 yanvar faciəsi törədildi.
  1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması haqqında konstitusiya qanunun qəbul olundu və dekabrın 8-də SSRİ dövlətinin süqut etdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Qarabağın Xocalı şəhərinin Rusiya Federasiyasının 366-cı motoatıcı alayı və qondarma Ermənistan Respublikası birləşmiş silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində soyqırımı cinayəti törədildi. Rus tankları ustündə torpağımıza soxulan erməni terrorçuları bir günün içində yer üzündən silinən Xocalı sakinlərindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla  613 nəfəri vəhşicəsinə qətlə yetirdilər.
1990-cı ilin iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin vətənə qayıdışı, 1991-ci ilin sentyabrında onun Naxçıvan Ali Məclisinin sədri seçilməsi və ağır hərbi-siyasi blokada şəraitində Naxçıvan MR daxil olmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, 1992-ci ildə AXC-Musavat siyasi blokunun Azərbaycan Respublikasında hərbi çevrilişə qarşı etiraz edərək hakimiyyəti güc tətbiq etməklə ələ almaları, həmin ilin mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərinin RF və Ermənistan Respublikası hərbi birləşmələri tərəfindən işğalı, 1993-cü il aprelin 2-də Azərbaycan Respublikasının Kəlbəcər rayonunun işğalı və bunun nəticəsində ölkədə hərbi-siyasi böhranın dərinləşməsi, 1993-cü il 4 iyun hadisələri və ölkədə vətəndaş müharibəsi təhlükəsinin yaranması və bu ağır böhranlı vəziyyətdən çıxmaq üçün 91 nəfər Azərbaycan Respublikasının tanınmış ziyalılarının Heydər Əliyevə ünvanladıqları müraciət, 15 iyun 1993-cü il tarixdə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi, 1993-cü il iyul-noyabr aylarında  Ermənistan Respublikasının hərbi təcavüzünün genişlənməsi nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ətrafında yerləşən 7 inzibati rayonunun işğalı və digər hərbi, siyasi hadisələr bütövlükdə müasir Azərbaycan Respublikası tarixinin ən mürəkkəb dövrünü təşkil edir.
  1993-cü il oktyabrın 3-də Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin daxili və xarici siyasətində əsaslı dönüşün başlanmasına səbəb oldu, xalqımız öz milli liderinə böyük inam bəsləyərək onun rəhbərliyi altında erməni faşizminə qarşı mübarizəyə qalxdı. 1993-cü ilin noyabr-dekabr aylarında və 1994-cü ilin yanvarında Azərbaycan Respublikasının Silahlı Qüvvələri erməni işğalçılarına ağır hərbi zərbələr vuraraq bir sıra işğal olunmuş əraziləri azad etdi. 1994-cü ilin yazında bir-birinin ardınca ağır məğlubiyyətlərə düçar olan qondarma Ermənistan Respublikası öz himayədarı vasitəsi ilə atəşkəs əldə etmək üçün Azərbaycan Respublikası rəhbərliyinə müraciət etdi. Ölkədə və o cümlədən, cəbhədə yaranmış vəziyyəti dərindən analiz edən Prezident Heydər Əliyev 1994-cü il may ayının 12-də işqalçı Ermənistan Respublikası ilə atəşkəs imzalanmasına razılıq verdi və həmin gün Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində tərəflər arasında müvafiq sənəd imzalandı. Respublikanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən 7 inzibati rayonun işğal olunmasına baxmayaraq atəşkəsin imzalanması Azərbaycan Respublikasının həm hərbi, həm də diplomatik uğuru idi. Atəşkəs rejimindən çox səmərəli istifadə edən Azərbaycan Respublikası çox qısa bir müddət ərzində istər ölkə daxilində və istərsə də beynəlxalq aləmdə öz mövqelərini xeyli möhkəmlətdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ilin sonu-1994-cü ilin əvvəlində Fransa, İngiltərə, Türkiyə Cümhuriyyətinə və ÇXR-a rəsmi dövlət səfərləri və 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycan Respublikasının daxili və xarici siyasətində ən mühüm hadisələr kimi qiymətləndirilir.
 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt zirvə toplantısında Azərbaycan Respublikası çox uğurlu bir diplomatik qələbə qazandı. Budapeşt zirvə toplantısında qəbul edilmiş qərara əsasən tərəflər arasında aparılan danışıqlar uğurla nəticələndiyi təqdirdə münaqişə zonasına ATƏT-in yaratdığı Minsk qrupuna daxil olan 9 ölkədən başqa, yalnız neytral dövlətlərin hərbi qüvvələri yerləşdirilməsi nəzərdə tutulurdu. 1994-cü ilin mayın 12-də imzalanmış atəşkəs razılığına əsasən münaqişə zonasına 3-cü ölkənin sülhməramlı qüvvələri yeridilmədi. Bütün bunlar çox ağır hərbi, ictimai-siyasi və iqtisadi şəraitdə yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının əldə etdiyi ilk uğurlar idi. Əldə edilmiş bu ilk dövlətçilik uğurlarını məhv etmək üçün Azərbaycan Respublikasının daxildə və xaricdə olan düşmənləri 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişlərinə cəhd göstərdilər və bütün bunlar uğursuzluqla nəticələndi. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasında ilk parlament seçkiləri keçirildi. Elə həmin gün referendum yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Konstitusiya Azərbaycanda demokratik dövlət və vətəndaş cəmiyyəti qurulmasının əsas istiqamətlərini və hüquqi prinsiplərini müəyyən etdi. Həmin ilin yanvarında yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycan Respublikasının Xəzər sektorunda «Əsrin müqaviləsi»ni həyata keçirmək üçün fəaliyyətə başladı.
  1997-ci il noyabrın 12-də «Əsrin müqaviləsi» üzrə neftin hasilatına bağlanıldı. 1999-cu il noyabrın 18-də İstanbulda «Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas boru kəməri vasitəsilə nəql edilməsinə dair» saziş imzalandı. Bu zaman Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti, Gürcüstan Respublikası, Qazaxıstan Respublikası və ABŞ-ın dövlət başçıları tərəfindən verilən «İstanbul bəyannaməsi» layihənin yüksək səviyyədə dəstəkləndiyinə sübut oldu. 2001-ci il avqustun 30-da «Əsrin müqaviləsi» üzrə əsas işlərin birinci fazasına başlanıldı. 2002-ci il avqustun 1-də Bakı-Tbilisi-Ceyhan əsas boru kəmərinin tikilməsi və idarə edilməsi üçün BTSKO şirkəti təsis edildi və həmin il avqustun 18-də bu kəmərin təməlqoyma mərasimi keçirildi.
  1999-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə «Azərbaycan Dövlət Neft Fondu» yaradıldı və 2001-ci ildə ölkə başçısının sərəncamı ilə fondun Müşahidə Şurası təşkil edildi. Bütün bu hüquqi-iqtisadi islahatlar Azərbaycan Respublikasında çox güclü və rəqabətə davamlı məhsullar istehsal edə biləcək  iqtisadiyyatın qurulması məqsədi ilə həyata keçirildi və çox yüksək nəticələr əldə olundu.
  Ümumiyyətlə, Azərbaycan Respublikası iqtisadiyyatına 1993-cü ildə 15 milyon, 1995-ci ildə 375 milyon, 1996-2002-ci illərdə 9 milyard (qeyri-neft sektoruna 3 milyard) dollar xarici investisiya qoyuldu. Ölkə iqtisadiyyatının dirçəldilməsinə və inkişafına AB «Traseka» proqramı üzrə Avropa-Qafqaz-Asiya nəqliyyat kommunikasiyasının – «Yeni İpək Yolu»nun düşməsi də əhəmiyyətli təsir göstərdi və bu proses ildən-ilə də genişləndi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakıda «Böyük İpək Yolu» Beynəlxalq konfransı keçirildi və dünyanın 32 ölkəsinin iştirak etdiyi bu konfransda «Bakı bəyannaməsi» qəbul edildi. Ölkənin iqtisadiyyatında struktur dəyişiklikləri getdikcə geniş miqyas aldı. Bütün bunların başlıca istiqamətləri dövlət mülkiyyətinin özəlləşdirilməsi, aqrar islahatların həyata keçirilməsi və sahibkarlığın inkişaf etdirilməsi idi. Bu istiqamətlərin inkişafı məqsədilə Prezident Heydər Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar ümumi iqtisadi inkişafa hüquqi zəmin yaratmış oldu. Həyata keçirilən hüquqi və iqtisadi islahatlar ölkə daxilində geniş miqyasda sosial-iqtisadi siyasət yeritməyə, respublikanın hərbi qüdrətini artırmağa və onun beynəlxalq mövqelərinin möhkəmlənməsinə şərait yaratdı.
  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 20 il keçməsinə baxmayaraq, Azərbaycan xalqı üçün ən mühüm və taleyüklü problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, bu problemin tənzimlənməsi üçün Minsk qrupunun yaradılması və onun fəaliyyəti, vasitəçilərin (RF, ABŞ, Fransa) iştirakı ilə aparılan danışıqlar, Azərbaycan Respublikasına qarşı yeridilən təcavüzkar siyasət müqabilində ikili standartların tətbiqi və digər xarici siyasət məsələləri bu gün də aktualdır.
 2003-cü ilin oktyabrın 15-də alternativ əsasda keçirilən seçkilərdə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkənin siyasi, sosial-iqtisadi və mədəni tarixində yeni mərhələnin başlanğıcı oldu. 2003-cü il dekabrın 12-də Azərbaycan Respublikasının sabiq Prezidenti, Ümummilli lider Heydər Əliyev ABŞ-ın Klivlend klinikasında vəfat etdi. 2008-ci il oktyabrın 15-də alternativ əsasda keçirilən seçkilərdə İlham Əliyev yenidən qələbə çalaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
  2004-2013-cü illər ərzində ölkədə həyata keçirilən çox uğurlu daxili və xarici siyasət, 2004-cü il fevralın 11-də qəbul edilən «Azərbaycan Respublikası regionlarının sürətlə inkişafı» dövlət proqramının qəbul edilməsi, həmin il mayın 10-da rəsmi açılışı olmuş və fəaliyyətə başlamış Heydər Əliyev Fondu, onun milli mədəniyyətin, incəsənətin, səhiyyənin, təhsilin və elmin inkişafına verdiyi töhvə artıq öz bəhrələrini verməkdədir. Ölkəmizdə müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının azad nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafının əyani təzahürüdür. Bu isə demokratik cəmiyyətin formalaşması üçün zəruri olan təsisatların və hüquqi bazanın yaradılması sahəsində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində əldə edilmişdir.
   “Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti” - deyir Prezident İlham Əliyev. Son 9 ildə Azərbaycan ÜDM-in 3 dəfə artmasına nail olmuşdur – bu dünya birliyində analoqu olmayan göstəricidir. Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 85%-nə sahib olan Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşu 4,2 dəfə çoxalmış, strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 46 milyard dolları ötmüşdür. Dünya ölkələrinin iqtisadi böhran məngənəsindən çıxmaq cəhdləri heç bir bəhrə vermədiyi bir zamanda Avropa Komissiyası Azərbaycanda 2013-cü ildə ÜDM-in artım tempini 3,1%, 2014-cü ildə isə 3,5% proqnozlaşdırır.
  Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunan əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, onun arzuları artıq həqiqətə çevrilmişdir. Yaxın gələcəkdə biznes mühitinin daha da təkmilləşdirilməsi, xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması, məsləhət, informasiya təminatının, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və işgüzar əlaqələrin inkişaf etdirilməsi yolu ilə sahibkarlığın və regionların inkişafı daha da sürətləndiriləcək və ulu öndərin dediyi kimi - Azərbaycan XXI əsrdə dünyaya bir günəş kimi doğacaqdır.
Keçidlər