Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

    Abşeron arxipelağının Pirallahı adlanan ən böyük adası içməli suyuna görə uzaq keçmişdən insan məskəni olmuşdur. Xəzər dənizində şirin suyu olan Talxe adası var, bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da tanrıya məxsusdur. Demək , ada müqəddəs yer sayılırmış, gəlirinin bir hissəsindən məbədə, bir hissəsindən kahinlərə sərf olunurmuş. Ərəb xilafəti dövründə yaranan xəritələrdə Pirallahı adası kimi tanınır. “Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamındadır. Pirallahı – yəni Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII – VIII yüzilliklərindən sonra “Pir” sözünə “Allah”da əlavə edilmiş, “Pirallahı” olmuşdur.
     Pirallahı adına ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Görünür sonradan bu qədim ziyarət yerinə islam donu geydirilmişdir. İslamdan qabaqkı əsatirin, müqəddəs və ibadət yerlərinin sonradan müsəlman ziyarətgahına çevrilməsi bir növ ənənə şəklini almışdır.
    XVIII əsr Rusiya coğrafiyasında adanın min illərin dərinliyinə gedən tarixi nəzərə alınmışdı. Abşeron yarımadasına yaxınlaşanda digər adalar arasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışlar.
     Pirallahı adasının yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, burada zəngin neft ehtiyatı var. Pirallahıda hələ 1870-ci ildə ilk neft istismar quyusu olub. Həmin vaxt neft 132 metr dərinliyə malik quyudan çıxarılıb. Əgər bu quyu 1870-ci ildə istismar olunubsa, təbii ki, orada qazma həmin müddətdən xeyli əvvəl aparılıb. Bu faktın özü də neft tariximizin, konkret olaraq Azərbaycanda qazılan ilk istismar quyusunun "təvəllüd"ünün daha qədimliyi barədə düşünməyə sövq edir.
Pirallahıda axtarış-qazma işləri 1897-ci ildən başlanıb. O zaman hələ neft-qaz geologiyası mükəmməl axtarış-kəşfiyyat üsullarına malik deyildi. Odur ki, kəşfiyyat işləri sahibkarların şəxsi fikirləri əsasında sistemsiz həyata keçirilirdi. Bununla belə, yataqda Azərbaycanın digər rayonlarına nisbətən qısa müddətdə kütləvi kəşfiyyat işləri aparılmış və ərazidə neftayırma zavodu tikilmişdi. Dənizdən neft və qaz çıxarmaq üçün birinci təcrübə-sınaq neft mədənlərinin inşasına başlanmışdı.
    1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına start verirlər. 1902-ci ilin dekabr ayında 44 nömrəli quyunun sınağı zamanı neft alınır və həmin vaxtdan Qirməki və Qirməkaltı lay dəsti horizontlarında axtarış-kəşfiyyat işləri aparılır.
Pirallahı adasında neft tapılandan sonra burada əsaslı dəyişikliklər baş verir. Daşdan yaşayış və sənaye tikililəri, 50 min kubmetr tutumu olan anbar, 1420 kilovatt gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalar və digər istehsalat obyektləri inşa edilir.
      Eyni zamanda, adada, quru sərhədlərdən kənarda mütəmadi şəkildə kəşfiyyat işləri aparılır. 1928-1929-cu illərdə müəyyən edilir ki, adanın neft yataqlarının əsas hissəsi onun şimal sərhədlərində, Xəzərin altında yerləşir. Bu vaxt 10-cu mədənin bazasında Bibiheybət mədənlər qrupu sistemində Pirallahıda mədən yaradılır.
    1935-ci ildə neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq dənizə addımlayır. Adadan şimala doğru böyük bir sahədə qazma işləri aparılmağa başlayır. Burada qazılmış ilk quyunun yaşı indi 77-ni haqlayır. Neftçilərin sadəcə olaraq "birinci quyu" adlandırdıqları həmin 157 nömrəli quyu bu gün də neft verir. Başqa sözlə, bu quyu öz varlığı ilə neft tariximizi, dünyada ilk dəniz quyusunun məhz Azərbaycanda qazıldığını təsdiqləyir.
    1925-ci ildə adaya inqilabçı, sovet dövlət və partiya xadimi Artyomun – F.A.Sergeyevin (1883-1921) adı verildi.
    Pirallahı adası Abşeron yarımadasından şərqdə Xəzər dənizində ən böyük adalardan biridir. Adanın sahəsi 17,56 (1755,49 ha) km2, uzunluğu 12 km, eni 0.2 km-dən 4 km qədərdir.
Pirallahı adasında yeni neft yataqlarının istismarın başlanması, 2-ci dünya müharibəsi illərinə təsadüf edir. Neftə daha çox ehtiyac olduğu nəzərə alınaraq Pirallahı adasına dövlət səviyyəsində maraq daha da artır.
1939-cu ildə Azərneftyağ sənaye Nazirliyi tərəfindən Moskva şəhərində “Damba” körpüsünün tikilməsi üçün layihə təsdiq edilmişdir. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941–ci ildə başlanmış, 1944–cü ildə başa çatmışdır. 1941–ci ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb. Bu vaxta qədər ada ilə sahil arasında gəmi və katerlərdən istifadə olunub.
     Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan vermişdir ki, adada yeni obyeklərin tikintisi aparılsın, yaşayış evləri salınsın.
   Pirallahı adasında neft hasilatı ilə məşqul olan “Abşeronneft” NQÇİ – nin əsası 1936-cı ildə qoyulmuşdur. 1947-ci ildə adanın cənub qurtaracağında, dənizdə neft yatağı aşkar edildi.
      1950-ci ildə kəşfiyyat işləri nəticəsində “Darvin bankası” yatağı açıldı. 1961-ci ildə “Abşeron bankası” adlanan yeni yataqda kəşfiyyat işlərindən ilk müsbət nəticələr alındı və xeyli neft hasil edildi. 1966-cı ildən “Abşeron bankası”nın istismarına başlanıb.
      Pirallahı qəsəbəsinə 1936-cı ildən Azərbaycan SSRİ Bakı şəhər Sovetliyinin Əzizbəyov rayonunda şəhər tipli qəsəbə statusu verilmişdir.
     Çilov - Xəzər dənizinin Abşeron körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə  "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis (fars adıdır) adlanıb.
      Neft Daşları -dünyada ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulmuşdur. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilmişdir. 
    1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu. Hələ XIX əsrin əvvələrində (1798-1830-cu illər) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalına yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı.
     Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlanmışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur.
       Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri Neftçisi, SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev, görkəmli Azərbaycan geoloqu Ə.Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış "Azneftkəşfiyyat" təşkilatının rəhbəri S.Orucov olan kiçik bir gəmi ("Pobeda") adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk burğu qurğusunu və burğuçular briqadası üçün cəmi 14 m2. olan evcik tikdilər.
      7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 ton hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban oğlu  Əliyev olmuşdur.
     Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazmışdır. Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər.
    1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan "Dünya kifayət deyil" (ing. The World Is Not Enough) filminin bəzi kadrları Neft Daşlarında lentə alınmışdır.
      Gürgən- qəsəbə 1946-cı ildə salınmışdır. Qəsəbə ərazisində qədim tarixi abidələr - "Bulaq" və köhnə qəbiristanlıqdır. Qəsəbədə bir orta məktəb ( 231№-li tam orta məktəb), bir uşaq bağçası ("Qağayı"), bir mədəniyyət evi, poçt şöbəsi (127 saylı) və "Xəzər iaşə" MMC fəaliyyət göstərir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 21 dekabr 2012-ci il tarixli qərarı ilə Pirallahı, Cilov və Neft Daşları qəsəbələrinin inzibati ərazi dairələrindən ibarət Pirallahı rayonu yaradıldı.  
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin izmaladığı 3 fevral 2014-cü il tarixli "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" na əsasən Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir.
Keçidlər