Vətən müharibəsi şəhidləri
Cahangirov Tural Qələmhüseyn oğlu
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olmuş Tural Cahangirov Qələmhüseyn oğlu 1 iyul 1991-ci ildə Yardımlı rayonunun Şıxlar kəndində anadan olub.
1997-ci ildə Yardımlı Şıxlar kənd orta məktəbinə qəbul olan şəhidimiz 2003-cü ildən ailəsi ilə birgə Bakının Pirallahı qəsəbəsinə köçüb, elə orta təhsilini Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə davam edib. 2011-ci ildə orta məktəbi bitirir.
2012-ci ildə hərbi xidmətə yollanır və Kəşfiyyat manqa kamandiri kimi yüksək səviyyədə orduda xidmət edir. Xidmət dövründəki üstün hərbçi zəkası, bacarığı, qabiliyyəti, hərbçi kimi komandirlərin əmr və tapşırıqlarını qeyri-şərtsiz yerinə yetirməsi Turalımızın komandanlıq qarşısında böyük nüfuza sahib olmasına səbəb olur. Müddətli hərbi xidmət dövründə dəfələrlə hərbi rəhbərlik tərəfindən ailəsinə təşəkkür məktubu gəlir və bir neçə fəxri fərman, diplomlarla təltif olunur.
2013-cü ildə hərbi xidməti başa vuraraq Pirallahıya gəlir və burada zavodların birində operator vəzifəsində çalışır. 2015-ci ildə ailə həyatı qurur, 2017-ci ildə Fatimə və 2019-cu ildə Fərid adında iki övladı dünyaya gəlir.
2020-ci ildə Vətən müharibəsində könüllü müharibəyə qatılmaq istəsə də, müharibəyə aparılmır. Daha sonra 2021-ci ilin yanvar ayında Turalımızın vətənpərvərliyi onu MAHHXQ kimi Müdafiə nazirliyinin nəzdində yerləşən hərbi xidmət kursuna getməyə vadar edir. Kursu müvəffəqiyyət və yüksək göstəriciliklə başa vuran Tural Qarabağda Laçın şəhərində yerləşən N saylı hərbi hissəyə xidmətə qəbul olunmuşdur. Daha sonra Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “kəşfiyyat tağım komandirinin müavini ixtisası” kursunu bitirir və Gizirlik hərbi rütbəsi alır. 2022-ci ilin Sentyabr döyüşlərində iştirak edərək böyük qəhrəmanlıq göstərir. Döyüş zamanı 4 gün ac-susuz neytral zonada qalır və 11 nəfər heyyətlə geri qayıtmağı bacarır. Buna görə Şəhidimiz Ali Baş Komandan tərəfindən “Vətən uğrunda” medalı ilə təltif olunur.
Sentyabr müharibəsindən sonra igidimiz 20.11.2022-ci ildən 28.01.2023-cü il tarixədək fəaliyyət göstərən “Gizirlərin Zabit Vəzifələrinə Hazırlığı Kursu”nu yüksək göstəricilərlə motoatıcı ixtisası üzrə bitirmişdir. Daha sonra 2023-cü ilin 6 Fevral tarixində Müdafiə nazirliyinin müvafiq əmrinə əsasən “Kiçik leytenant” hərbi rütbəsi” alaraq xidmətini Laçın şəhərində davam elətdirir və Respublika Baş Prokurorluğu tərəfindən hədiyyə ilə təltif olunur.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri nəticəsində Ağdərə-Xankəndi istiqamətində aparlan əməliyyatlar zamanı şəhadətə ucalır. Şəhidimiz şəhadətindən Cənab Ali Baş Komandanın müvafiq sərəncamlarına əsasən “3-cü dərəcəli rəşadət ordeni” və “İgidliyə görə” medalı ilə təltif olunub.