Turizm potensialı
1-ci buruq
Pirallahı qəsəbəsində geniş axtarış-qazma işlərinə 1897-ci ildən başlanılıb. O zaman hələ neft-qaz geologiyası mükəmməl axtarış-kəşfiyyat üsullarına malik deyildi. Odur ki, kəşfiyyat işləri sahibkarların şəxsi fikirləri əsasında sistemsiz həyata keçirilirdi. Bununla belə, yataqda Azərbaycanın digər rayonlarına nisbətən qısa müddətdə kütləvi kəşfiyyat işləri aparılmış və ərazidə neftayırma və parafin zavodu tikilmişdi. Dənizdən neft və qaz çıxarmaq üçün birinci təcrübə-sınaq dəniz özüllərinin inşasına cəhd edilmişdi.
1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına start verirlər. 1902-ci ilin dekabr ayında 44 nömrəli quyunun sınağı zamanı neft alınır və həmin vaxtdan Qirməki və Qirməkialtı lay dəstəsi horizontlarında axtarış-kəşfiyyat işləri aparılır. O vaxtadək içməli sudan məhrum olan adada hər yerdə yalnız tikanlı ot, qum və əhəng plitələri gözə çarpırdı, adanın şimal tərəfində Nobel neft şirkətinə məxsus olan 2-3 bina və suiti piyi və dərisi üzrə əməliyyatlar aparılan kiçik emal zavodu yerləşirdi.
1-ci mədən ərazisində, adada ilk dəfə “qara qızıl” çıxarılmış birinci neft quyusunun yerində köhnə, tarixi neft buruğu şəklində abidə hazırlanmışdır. Abidənin arxasında iri qaya parçalarından istifadə edilməklə şəlalə tikilmiş, ətraf ərazidə abadlaşdırma-yaşıllaşdırma işləri həyata keçirilmişdir.