Şriftin ölçüsü :

Saytın rəngi :

Çilov adası

Qədim adı Şahilan olan Çilov adası, burada içməli su olmaması səbəbindən, eyni zamanda torpaq qatı qeyri-məhsuldarlığı ilə seçildiyindən, əvvəllər daimi yaşayış məskəni kimi istifadə edilməmişdir. Çilov tarixən Çilov-Şahilan kimi də adlandırılmışdır. Buranın keçmiş adlarından Ronis farslara, Jiloy deyimi isə ruslara məxsusdur. Bunu onunla əsaslandırırdılar ki, Don kazakı Stepan Razin bir müddət bu adaya yerləşmiş və sahil bölgələrinə quldur basqınları təşkil etmişdi. Rus hidroqrafı F.İ.Soymonov bu ada haqqında məlumat vermişdir. O, 1763 ildə qələmə aldıgı kitabında yazırdı: “Körfəzin sonunda Jiloy adası var. Orada yaşayış əlaməti yoxdur. Bununla belə Stepan Razin bir ara bura yerləşmişdi”.
Son illər görülən işlər nəticəsində Çilov qəsəbəsinin siması kökündən dəyişmişdir. Yollara asfalt döşənmiş, idman kompleksinin tikintisi başa çatdırılmış, bütün abonentlərə smart-kart tipli qaz sayğacları quraşdırılmış, müxtəlif diametrli 28395 m qaz xətti yenilənmiş, ümumilikdə 100 mindən çox zeytun, küknar, Eldar şamı və digər həmşəyaşıl ağaclar əkilmiş, Bayraq meydanı qurulmuşdur.
19 sentyabr  2015-ci il tarixində Çilov adasında SOCAR rəhbərliyinin iştirakı ilə sakinlərin çoxdan arzusunda olduğu müasir idman-sağlamlıq mərkəzinin və istirahət kompleksinin açılış mərasimi oldu.
Bundan əlavə, Çilov qəsəbəsində yeni yataqxana kompleksi, ƏKS OSMOS qurğusu tikilmiş, su təminatının yaxşılaşdırılması, ekoloji sağlamlıq istiqamətində xeyli iş görülmüş, adada aptek açılmış, əlavə geniş yaşıllıq zolaqları salınmışdır. Çilovda, həmçinin, helikopter meydançası, “28 May” NQÇİ-nin uşaq bağçası yerləşir. XVIII əsrdə ingilislər tərəfindən tikilmiş Çilov mayakı gəmilərin Abşeron arxipelağına təhlükəsiz giriş-çıxışını təmin edir. 
Pirallahı rayonunun Çilov qəsəbəsində 2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və Neft Daşlarındakı 501 nömrəli dəniz özüllərində təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinə ucaldılan abidənin rəsmi nümayəndələrin, həlak olmuş neftçilərin ailə üzvlərinin və ictimaiyyət təmsilçilərinin iştirakı ilə 2016-cı il dekabrın 3-də açılış mərasimi keçirilmişdir.
Ada böyük turizm potensialına  malikdir.

Keçidlər