Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı körpüsü

1939-cu ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirmək məqsədilə Moskva şəhərində Yanacaq Sənayesi Xalq Komissarlığı tərəfindən “Damba” adlanan körpü-bəndin tikilməsi üçün layihə təsdiq edilir. Adanı sahillə birləşdirən bəndin tikintisi 1941-ci ildə başlanır və 1943-cü ildə başa çatır. O vaxta qədər ada ilə sahil arasında nəqliyyat vasitəsi kimi qayıq, gəmi və katerlərdən istifadə olunurdu. “Damba”nın tikilməsi ilə Pirallahı həm də süni yarımada statusu alır. Pirallahı adasını materiklə birləşdirən müasir körpünün tikintisi başa çatandan sonra 1943-cü ildən insanlara xidmət edən damba-bənd sökülmüş, burada gəmilərin sərbəst keçidi, su idmanı növlərinin inkişaf etdirilməsi üçün şərait yaradılmışdır.
“Damba” adlanan körpü-bəndin inşaat işləri 1943-cü ildə başa çatdıqdan və adaya avtomobil yolunun çəkilişindən sonra Pirallahıya dəmir yolu xəttinin də tikintisinə başlanır. Məlum olduğu kimi 1926-cı il iyulun 26-dan Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlamışdı.
Həmin dəmir yol xəttinin tikintisi davam etdirilərək Pirallahıya qədər uzadılmış və Azərbaycan dəmiryolları Artyom adası stansiyasının 13 may 1953-cü il tarixində açılışı olmuşdu. Təxminən 60 il ada sakinlərinə xidmət etdikdən sonra, 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar, elektrik qatarlarının hərəkəti dayandırılmış və dəmir yol xətti sökülərək ləğv edilmişdir. 
Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikinti-quraşdırılma işləri başa çatdırılıb. 11 may 2017-ci il tarixdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər. Qeyd edək ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü isə 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir.

Keçidlər